Zeytun yağının hər gün qida rasionuna daxil edilməsi ürək, beyin və bağırsaq sağlamlığına müsbət təsir göstərə, həmçinin orqanizmdə iltihab və oksidləşdirici stressin azalmasına kömək edə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Martha Stewart” nəşri dietoloqların fikirlərinə istinadən məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, zeytun yağı əsasən olein turşusu ilə zəngin olan doymamış yağlardan ibarətdir. Bu maddələrin iltihabəleyhinə xüsusiyyətlərə malik olduğu bildirilir.
Dietoloq Keti Konrad-MakKoy qeyd edib ki, zeytun yağında həmçinin antioksidant xüsusiyyətlərə malik müxtəlif fenol birləşmələri var. Dietoloq-nutrioloq Roksana Eşaninin sözlərinə görə, bu maddələr iltihabi proseslərlə əlaqəli bəzi siqnal yollarına və fermentlərə təsir göstərərək orqanizmdə iltihabın azalmasına kömək edə bilər.
Zeytun yağının digər mümkün faydalarından biri oksidləşdirici stressin azalmasıdır. Mütəxəssislər bildirirlər ki, orqanizmdə sərbəst radikalların miqdarı antioksidantlardan çox olduqda oksidləşdirici stress yaranır.
Bu proses DNT, yağ toxuması və zülalların zədələnməsinə səbəb ola bilər. Uzunmüddətli perspektivdə isə ürək-damar xəstəlikləri, təzyiq problemləri, diabet və bəzi neyrodegenerativ xəstəliklərlə əlaqələndirilir.
Mütəxəssislərin fikrincə, zeytun yağındakı doymamış yağlar bağırsaq mikrobiomunun daha sağlam olmasına kömək edə bilər. Bu yağların bağırsaqlarda iltihabın azalmasına da təsir göstərə biləcəyi qeyd olunur.
Zeytun yağı beyin üçün də faydalı hesab edilən yağlarla zəngindir. Tərkibindəki fenol birləşmələri sinir hüceyrələrini oksidləşdirici zədələnmədən qorumağa kömək edə bilər. Bu isə beyin sağlamlığının uzunmüddətli qorunması baxımından əhəmiyyətlidir.
Zeytun yağının tərkibindəki monodoymamış yağlar və fenol birləşmələri “yaxşı” HDL xolesterinin səviyyəsinin dəstəklənməsinə kömək edə bilər.
Yüksək xolesterin və arterial təzyiq ürək xəstəlikləri üçün risk faktorlarıdır. Zeytun yağındakı faydalı yağlar isə iltihab və oksidləşdirici stressin azalmasına kömək etməklə ürək-damar sisteminin sağlamlığını dəstəkləyə bilər.
Roksana Eşaninin sözlərinə görə, standart porsiya təxminən 1 xörək qaşığıdır. Gündə 1-2 xörək qaşığı zeytun yağı sağlam qidalanma çərçivəsində rasiona daxil edilə bilər.
Mütəxəssislər yağı ayrıca içməyin vacib olmadığını bildirirlər. Onu salatlara, bişmiş tərəvəzlərə, humusa, tostlara və digər yeməklərə əlavə etmək mümkündür.
İstilik zeytun yağındakı bəzi faydalı birləşmələrin miqdarını azalda bilər. Bununla belə, onun əsas monodoymamış yağları istiliyə nisbətən davamlıdır və buna görə də gündəlik yemək hazırlanmasında istifadə edilə bilər.
Ekspertlər eyni zamanda zeytun yağını “möcüzəvi eliksir” kimi qəbul etməməyi tövsiyə edirlər. Onun faydaları balanslaşdırılmış qidalanmanın tərkibində daha düzgün qiymətləndirilir. Rasionda tərəvəz, meyvə, tam taxıllar, paxlalılar, qoz-fındıq, toxumlar, avokado və yağlı balıq kimi digər faydalı məhsulların da olması vacibdir.
Samir


