Müntəzəm rəqs məşqləri müxtəlif yaş qruplarında yaddaş, diqqət və psixoloji sağlamlığın yaxşılaşmasına kömək edə bilər.
HİT.az xəbər verir ki, Çinin Tszyansu Elm və Texnologiya Universitetinin alimləri 22 elmi araşdırmanı əhatə edən sistematik icmalın nəticələrini təhlil ediblər. “Frontiers in Psychology” jurnalında dərc olunan araşdırmada 4-94 yaş arasında 1645 nəfərin məlumatları nəzərdən keçirilib.
Mütəxəssislərin fikrincə, rəqs zamanı insan hərəkətləri yadda saxlamalı, onları musiqinin ritmi ilə uyğunlaşdırmalı və digər iştirakçılarla koordinasiya etməlidir. Bu kompleks fəaliyyət beynin müxtəlif funksiyalarını eyni vaxtda stimullaşdıraraq yaddaş və diqqətə müsbət təsir göstərə bilər.
Araşdırmada yaşlı və yüngül koqnitiv pozuntuları olan insanlarda rəqsin koqnitiv geriləmənin sürətini azaltmağa kömək etdiyi müəyyənləşdirilib. Uşaqlar və yeniyetmələrdə isə rəqs məşqlərinin sosial narahatlıq və stress səviyyəsinin azalması ilə əlaqəli olduğu bildirilib. Əhval-ruhiyyə və həyat keyfiyyətində də müsbət dəyişikliklər müşahidə olunub.
Alimlər rəqsin psixoloji təsirini yalnız sosial ünsiyyətlə əlaqələndirmirlər. Musiqi sədaları altında fiziki aktivlik endorfin, dopamin və serotonin kimi neyromediatorların ifrazını stimullaşdıra bilər. Bu maddələr zövq və yaxşı əhval hissinin formalaşmasında rol oynayır.
Bundan əlavə, bəzi neyrogörüntüləmə araşdırmaları rəqs kimi fiziki və koordinasiya tələb edən fəaliyyətlərin beynin müəyyən strukturlarına təsir göstərə biləcəyini göstərir.
Alimlər qeyd edirlər ki, rəqsin faydaları ilə bağlı ən çox elmi sübut yaşlı insanlara aiddir. Bu yaş qrupunda rəqs həm koqnitiv funksiyaları dəstəkləyə, həm də vestibulyar sistemi məşq etdirərək yıxılma riskinin azalmasına kömək edə bilər.
Bununla belə, uşaqlar, yeniyetmələr və orta yaşlı insanlar üzrə mövcud məlumatların hələ qəti nəticələr çıxarmaq üçün kifayət etmədiyi vurğulanır. Buna baxmayaraq, rəqs fiziki aktivliyin əlçatan formalarından biri olaraq qalır.
Samir


