Gündəlik həyatın daha balanslı qurulması depressiya riskinin azalmasına kömək edə bilər.
HİT.az xəbər verir ki, psixoloq Sergey Lanq “AiF”ə açıqlamasında insanın gün ərzində iş, istirahət və özünə ayırdığı vaxt arasında düzgün balans yaratmasının vacibliyini vurğulayıb.
Mütəxəssis bildirib ki, insan gününün necə keçdiyinə diqqət yetirməli, istirahət və şəxsi ehtiyacları üçün kifayət qədər vaxt ayırmalıdır. İşləri düzgün planlaşdırmaq, lazımsız yüklənmələrdən imtina etmək və öz ehtiyaclarını nəzərə almaq vacibdir.
Lanqın sözlərinə görə, müntəzəm olaraq yemək qəbulunu ötürmək və yuxu çatışmazlığını yalnız həftəsonu kompensasiya etməyə çalışmaq da stressi artıra bilər.
“Vaxtı düzgün bölüşdürmək, imtina etməyi bacarmaq və kimisə incitməkdən qorxmadan özünü üstün tutmaq vacibdir”, - deyə psixoloq bildirib.
Mütəxəssis daha əvvəl depressiv vəziyyətin inkişafının tədricən maraq və motivasiyanın itirilməsi ilə müşayiət oluna biləcəyini qeyd edib. Onun fikrincə, əvvəllər insana zövq verən fəaliyyətlərə uzun müddət maraq göstərməmək də diqqət yetirilməli əlamətlərdən biridir.
Qeyd edək ki, uzunmüddətli kədər, maraq itkisi və gündəlik fəaliyyətlərdə ciddi çətinliklər müşahidə olunarsa, mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Samir


