Zəhərli ilanları necə tanımaq olar? - Diqqətçəkən əlamət

SAĞLAMLIQ
20:17 / 08.10.2026
69

Zəhərli ilanları digər növlərdən ayırmağa kömək edən əsas xüsusiyyətlərdən biri onların rənglərinin təbii mühit fonunda daha nəzərəçarpan olmasıdır.

HİT.az xəbər verir ki, İrlandiyanın Qolvey Universitetinin alimləri 458 ilan növünü araşdıraraq bu qənaətə gəliblər. Tədqiqat zamanı məlum olub ki, bəzi zəhərli ilanlar yırtıcılardan gizlənmək əvəzinə, parlaq rəngləri vasitəsilə təhlükəli olduqları barədə xəbərdarlıq edirlər.

Biologiyada bu xüsusiyyət aposmatizm adlanır. Yəni zəhər və ya digər müdafiə vasitələrinə malik heyvanlar parlaq rənglərlə potensial yırtıcılara onlara toxunmamağı “bildirirlər”. Arılar və bəzi zəhərli qurbağalar da buna bənzər müdafiə mexanizmindən istifadə edir.

Alimlər ilanların fotoşəkillərini onların təbii yaşayış mühitinin fonundan ayıraraq rəng fərqini analiz ediblər. Nəticədə xüsusilə qırmızı və sarı rənglərin ilanların ətraf mühitdən seçilməsində mühüm rol oynadığı müəyyənləşib. Zəhərli növlərdə qırmızı rəngə daha çox rast gəlindiyi bildirilib.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, rənglənmə zəhərli ilanı müəyyənləşdirmək üçün tam etibarlı göstərici deyil. Bir sıra zəhərli növlər, o cümlədən bəzi gürzələr, ətraf mühitdə olduqca yaxşı kamuflyaj olunur.

Tədqiqatçılara görə, ilanın zəhərinin gücü, gündüz və ya gecə aktiv olması, eləcə də qidalanma xüsusiyyətləri onun nə dərəcədə nəzərəçarpan rəngə malik olacağını birbaşa müəyyən etmir. Buna görə də naməlum ilanla qarşılaşdıqda ən təhlükəsiz davranış ondan məsafə saxlamaq və ona yaxınlaşmamaqdır.

Samir
 

0