Şirin qida istəyənlər üçün konfet və peçenye əvəzinə quru tut yaxşı seçim ola bilər. Təbii şirin dada malik olan bu meyvə lif, vitaminlər, minerallar və antioksidantlarla zəngindir.
HİT.az xəbər verir ki, bu barədə “SadyOgrody” nəşri yazıb. Məlumata görə, quru tutu ayrıca qəlyanaltı kimi yemək, həmçinin yulaf sıyığı, təbii yoqurt, müsli, qranola, evdə hazırlanan batonçiklər, piroq və peçenyelərə əlavə etmək mümkündür. O, qoz-fındıq və müxtəlif toxumlarla da yaxşı uyğunlaşır.
Mütəxəssislər isə quru tutun miqdarına diqqət etməyi tövsiyə edirlər. Qurutma zamanı meyvə suyunu itirdiyi üçün tərkibindəki təbii şəkərlər daha çox konsentrasiya olunur. Buna görə də məhsul faydalı olsa da, həddindən artıq qəbul edilməməlidir.
Xüsusilə ağ tut tərkibində DNJ (1-dezoksinojirimisin) adlı birləşmənin olması ilə diqqət çəkir. Bu maddənin həzm sistemində karbohidratların parçalanmasında iştirak edən bəzi fermentlərin aktivliyini azaltması və yeməkdən sonra qanda qlükozanın artmasına təsir göstərə bilməsi araşdırılır. Bununla belə, tutun diabet müalicəsini əvəz etmədiyi vurğulanır.
Tutun tərkibində polifenollar, o cümlədən flavonoidlər də var. Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir və hüceyrələri sərbəst radikalların təsirindən qorumağa kömək edə bilər.
Qara tut isə tünd rəngi və daha zəngin dadı ilə seçilir. Onun tərkibində C vitamini, B qrupu vitaminləri, kalium, maqnezium və fosforla yanaşı, tünd rəngdən məsul olan antosianinlər də mövcuddur. Bu birləşmələr də antioksidant xüsusiyyətləri ilə tanınır.
Samir


