Turş albalı şirəsi gecə yuxusunun keyfiyyətini yaxşılaşdırmağa və daha rahat yatmağa kömək edə bilər. Mütəxəssislərin fikrincə, bu içki orqanizmdə melatoninin – yuxu rejimini tənzimləyən hormonun təbii səviyyəsinin artmasına təsir göstərə bilər.
HİT.az xəbər verir ki, Kaliforniya Universitetinin dietoloqu Dana Hannes yatmazdan əvvəl turş albalı şirəsi içməyi tövsiyə edir. Onun sözlərinə görə, bu içkini yatmazdan təxminən 1-2 saat əvvəl qəbul etmək məqsədəuyğundur. Bəzi mütəxəssislər isə melatoninin səviyyəsinə təsir üçün 3-4 saatlıq intervalın daha uyğun ola biləcəyini düşünürlər.
Dietoloq ilkin olaraq təxminən 240 millilitr turş albalı şirəsi içməyi və bunun yuxunun keyfiyyətinə necə təsir etdiyini müşahidə etməyi məsləhət görür. Bununla belə, araşdırmalarda müxtəlif miqdarlardan istifadə edildiyinə görə, dəqiq doza ilə bağlı vahid tövsiyə yoxdur.
Şirənin tərkibindəki sorbitol bəzi insanlarda həzm problemlərinə səbəb ola bilər. Buna görə də mədəsi həssas olan şəxslərin az miqdardan başlaması və orqanizmin reaksiyasını izləməsi tövsiyə olunur.
Mütəxəssisin sözlərinə görə, turş albalı şirəsinin mümkün faydaları yuxu ilə məhdudlaşmır. O, iltihabın və oksidləşdirici stressin azalmasına, antioksidant müdafiənin güclənməsinə də töhfə verə bilər. Bundan əlavə, bu içkinin bəzi digər məşhur meyvə şirələri ilə müqayisədə şəkər miqdarı daha azdır.
Dietoloq isti içkilərin rahatlamağa kömək edə biləcəyini, soyuq içkilərin isə bəzi insanlarda ayıqlıq hissi yarada biləcəyini də qeyd edir. Buna görə də yatmazdan əvvəl ilıq turş albalı şirəsini sınamaq olar. Lakin onun yuxuya təsiri hər kəsdə eyni olmaya bilər.
Samir


