Kişinin qadının yanında özünə güvənsiz olduğunu göstərən 9 ifadə

SAĞLAMLIQ
16:16 / 12.10.2026
50

Bəzi kişilər özlərini güclü və üstün göstərmək üçün qadınların uğurlarını kiçiltməyə, hisslərini şübhə altına almağa və davranışlarına müdaxilə etməyə çalışırlar. Bu cür ifadələr bəzən daxili inamsızlığın, rəqabət hissinin və münasibətdə nəzarəti itirmək qorxusunun göstəricisi ola bilər.

HİT.az xəbər verir ki, “YourTango” nəşri qadınların özünəinamını sarsıtmaq və onları özlərini müdafiə etməyə məcbur etmək üçün istifadə edilən ifadələrə diqqət çəkib.

Nəşrin müəllifinin fikrincə, “Sən hər şeyi şişirdirsən” və “Sakitləş” kimi sözlər qadının hisslərini kiçiltmək, müzakirənin mahiyyətindən yayınmaq üçün işlədilə bilər. Belə hallarda diqqət problemin özündən uzaqlaşaraq qadının reaksiyasına yönəldilir.

“Sən həddindən artıq iddialısan” və “Sadəcə bəxtin gətirib” ifadələri də diqqət çəkən nümunələrdəndir. Birinci halda qadının məqsədlərinə və uğur qazanmaq istəyinə mənfi yanaşılır, ikinci halda isə onun nailiyyətləri zəhmət və bacarıqla deyil, təsadüflə əlaqələndirilir. Müəllif hesab edir ki, bu cür münasibət bəzi kişilərin özlərini qadınlarla rəqabətdə görməsi ilə bağlı ola bilər.

“Sadəcə həqiqəti deyirəm” ifadəsi isə kobud və alçaldıcı sözlərə bəraət qazandırmaq üçün işlədilə bilər. Halbuki dürüstlük qarşı tərəfi təhqir etməyi və onun hisslərini nəzərə almamağı əsaslandırmır. Eyni zamanda, “Sən məni qorxudursan” və “Sən digər qadınlar kimi deyilsən” kimi ifadələr də kontekstdən asılı olaraq qadının özünəinamına təsir göstərmək vasitəsinə çevrilə bilər.

Məqalədə “İcazə ver, sənə izah edim” ifadəsinə də yer verilib. Xüsusilə qadının yaxşı bildiyi mövzu barədə ona yuxarıdan aşağı danışmaq qarşı tərəfin bilik və bacarıqlarını kiçiltmək təsiri yarada bilər. Bu davranış “menspleyninq” adlandırılır.

Müəllifin diqqət çəkdiyi digər ifadələr “Belə davransan, heç bir kişi səni istəməyəcək” və “Daha çox gülümsəməlisən” sözləridir. Birinci ifadə qadında kişilərin bəyənilməsini itirmək qorxusu yaratmağa, ikinci isə onun emosiyalarını və davranışını idarə etməyə yönələ bilər.

Bununla belə, ayrı-ayrı ifadələrə əsasən insanın xarakteri və ya özünəinam səviyyəsi barədə qəti nəticə çıxarmaq düzgün deyil. Əsas məqam sözlərin hansı şəraitdə deyilməsi, mütəmadi təkrarlanması və münasibətdə qarşılıqlı hörmətə necə təsir göstərməsidir.

Samir

0