Stressdən cəmi 20 saniyəyə xilas olmaq mümkündür? - Alimlər sadə üsulu açıqladı

SAĞLAMLIQ
14:00 / 11.10.2026
63

Vacib çıxışdan, təqdimatdan və ya gərgin görüşdən əvvəl sakitləşmək üçün mürəkkəb üsullara ehtiyac olmaya bilər. Alimlərin araşdırmasına görə, əlləri sinə və qarın nahiyəsinə qoyaraq 20 saniyə ərzində özünə sakitləşdirici toxunuş etmək orqanizmin stress reaksiyasını zəiflədə bilər.

HİT.az xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, Avstriyanın Qrats Universitetinin Psixologiya İnstitutunun tədqiqatçısı Alöşa Drayzorner və həmkarları bu üsulun təsirini araşdırıblar.

2021-ci ildə aparılan tədqiqatda 159 nəfər iştirak edib. Onlardan tanımadıqları şəxslər qarşısında təqdimata hazırlaşmaq tələb olunub. İştirakçılar üç qrupa bölünüb: bir qrup 20 saniyə ərzində özünə sakitləşdirici toxunuş edib, ikinci qrup qucaqlaşıb, üçüncü qrup isə kağızdan təyyarə düzəldib.

Nəticələr göstərib ki, özünə toxunuş edən və qucaqlaşan iştirakçılarda stress hormonu olan kortizolun səviyyəsi kağız təyyarə düzəldənlərlə müqayisədə daha aşağı olub. Bununla belə, ürək döyüntüsünün tezliyi və iştirakçıların özlərini nə dərəcədə stress altında hiss etmələri baxımından qruplar arasında əhəmiyyətli fərq aşkarlanmayıb.

Tədqiqatçılar bu təsirin səbəblərindən birinin oksitosin hormonu ola biləcəyini ehtimal edirlər. Bu hormon rahatlıq və stressin azalması ilə əlaqələndirilir. Lakin özünə toxunuşun orqanizmə hansı mexanizmlə təsir etdiyi hələ tam aydın deyil.

Mütəxəssislər üsulu sınamaq üçün bir və ya hər iki əli sinəyə və qarına qoymağı, bir neçə dəfə dərindən nəfəs almağı, əllərin istiliyinə və təzyiqinə diqqət yetirməyi tövsiyə edirlər. Bu vəziyyətdə təxminən 20 saniyə qalmaq kifayətdir.

Araşdırmalar həmçinin göstərir ki, özünə qayğı və şəfqətlə yanaşmaq müntəzəm tətbiq edildikdə psixoloji rifaha müsbət təsir göstərə bilər. Bununla belə, üsul hər kəsdə eyni nəticəni verməyə bilər və peşəkar psixoloji yardımın əvəzi hesab edilmir.

Samir
 

0