Çeynəmə dişlərinin itirilməsi öz-özlüyündə tinnitusun, yəni qulaqlarda küyün yaranmasının sübut olunmuş səbəbi hesab edilmir. Lakin bəzi hallarda bu, dişləmənin dəyişməsinə, çeynəmə əzələlərinə düşən yükün fərqli paylanmasına və gicgah-çənə oynağının fəaliyyətinə təsir göstərə bilər. Bu fonda gicgah-çənə oynağının disfunksiyası və ya əzələlərdə güclü gərginlik yaranarsa, bəzi pasiyentlərdə qulaqlarda küy meydana çıxa və ya güclənə bilər.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru nəşrinə həkim-otorinolarinqoloq Yana Novikova məlumat verib.
“Bu, dişin özünün olmaması ilə deyil, çeynəmə sistemi ilə eşitmə yolları arasında mövcud olan sıx anatomik və sinir əlaqələri ilə bağlıdır. Tinnitusun bu formaları somatosensor tinnitus adlanır. Onlara nadir hallarda rast gəlinir və diaqnoz təsdiqlənməlidir. İlk növbədə qulaqlarda küyün daha geniş yayılmış səbəbləri, xüsusilə eşitmənin zəifləməsi, səs-küyün təsirinin nəticələri, daxili qulaq xəstəlikləri və digər hallar istisna edilməlidir”, deyə həkim izah edib.
Somatosensor tinnitusa bəzi əlamətlər əsasında şübhə etmək olar. Məsələn, ağız açılarkən, dişlər sıxılarkən, aşağı çənə və ya boyun hərəkət etdirilərkən küyün dəyişməsi, həmçinin ağrı, gicgah-çənə oynağı nahiyəsində çıqqıltı, ağzı açmaqda məhdudiyyət və çeynəmə əzələlərində gərginlik müşahidə edilə bilər.
“Əgər problemin səbəbi həqiqətən gicgah-çənə oynağının disfunksiyasıdırsa, stomatoloq-qnatoloq, ortoped, üz-çənə cərrahı və ya fizioterapevt tərəfindən aparılan müalicə tinnitusun şiddətini azalda, bəzi hallarda isə onu tamamilə aradan qaldıra bilər. Lakin bu, yalnız çənənin funksional pozuntusu ilə qulaqlardakı küy arasında əlaqənin təsdiqləndiyi pasiyentlərdə mümkündür”, deyə Novikova vurğulayıb.
Həkimin sözlərinə görə, tinnitusun səbəbi, məsələn, sensorinevral eşitmə zəifliyidirsə, diş sırasının bərpası öz-özlüyündə problemi həll etməyəcək.
Samir


