Arıqlamaq istəyən insanlar üçün yalnız nə yedikləri deyil, gün ərzində hansı saatlarda qidalandıqları da əhəmiyyətli ola bilər. Yeni araşdırma göstərib ki, yemək qəbulunu gündə səkkiz saatlıq zaman aralığı ilə məhdudlaşdırmaq artıq çəkisi olan insanların daha çox arıqlamasına və əldə etdikləri nəticəni uzun müddət qorumasına kömək edə bilər. Maraqlıdır ki, bu üsulda yemək üçün səhər və ya günün daha gec saatlarının seçilməsi arasında ciddi fərq aşkarlanmayıb.
HİT.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
İspaniyanın Qranada Universitetinin alimlərinin apardığı tədqiqatın nəticələri İspaniyanın Malaqa şəhərində keçirilən Avropa Piylənmə Konqresində təqdim olunub. Araşdırmada artıq çəkisi və piylənməsi olan 99 nəfər iştirak edib. Tədqiqatçılar iştirakçıların qidalanma rejimini 12 ay ərzində izləyiblər.
İlk 12 həftə ərzində iştirakçılar dörd qrupa bölünüblər. Birinci qrup gün ərzində 12 saat və ya daha uzun müddət ərzində qidalana bilib. Digər qruplarda isə yemək qəbulu səkkiz saatla məhdudlaşdırılıb. Bu qruplardan birində qidalanma səhər saatlarında, digərində günortadan sonra başlayıb. Dördüncü qrupun iştirakçıları isə səkkiz saatlıq qidalanma müddətini özləri seçiblər.
Bütün iştirakçılara daha sağlam qidalanmağa keçmək üçün Aralıq dənizi pəhrizinə uyğun tövsiyələr də verilib.
Səkkiz saatlıq qidalanma rejimi daha effektiv olub
Araşdırmanın nəticələrinə görə, gün ərzində 12 saat və ya daha uzun müddətdə qidalanan iştirakçılar orta hesabla 1,4 kiloqram çəki itiriblər. Yemək qəbulunu səkkiz saatla məhdudlaşdıran qruplarda isə orta çəki itkisi 3-4 kiloqram təşkil edib. Bu iştirakçılarda bel və bud çevrəsinin də daha çox azaldığı müəyyənləşdirilib.
Tədqiqatçılar 12 ay sonra iştirakçıların çəkisini yenidən qiymətləndiriblər. Məlum olub ki, səkkiz saatlıq qidalanma rejiminə əməl edənlər itirdikləri çəkinin əhəmiyyətli hissəsini qoruyublar. Səhər və günün daha gec saatlarında qidalanan qruplarda çəki azalması təxminən 2 kiloqram səviyyəsində qalıb.
Araşdırmanın aparıcı müəlliflərindən olan Qranada Universitetinin alimi Alba Kamaço-Kardenosa bildirib ki, nəticələrdə əsas amil konkret yemək saatından daha çox, qidalanma ilə 16 saatlıq fasilə arasındakı əlaqə ola bilər. Bu müddət ərzində insan qida qəbul etmir.
Tədqiqatın koordinatoru, doktor Conatan Ruis isə bu üsulun artıq çəkisi olan və piylənmədən əziyyət çəkən böyüklər üçün praktik seçim ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, qidalanma vaxtını məhdudlaşdırmaq gündəlik kalori hesablaması ilə müqayisədə bəzi insanlar üçün daha rahat üsul ola bilər.
Bununla belə, alimlər araşdırmanın nəticələrinin hələ əlavə tədqiqatlarla təsdiqlənməli olduğunu vurğulayırlar. İşin müstəqil elmi ekspertizasının tamamlanmadığı da bildirilir. Tədqiqatçılar daha geniş iştirakçı qrupları ilə uzunmüddətli araşdırmalara ehtiyac olduğunu qeyd edirlər.
Mütəxəssislər həmçinin qidalanma müddətinin məhdudlaşdırılmasının qəbul edilən kalorilərin miqdarına və maddələr mübadiləsinə necə təsir etdiyini dəqiqləşdirməyin vacib olduğunu bildirirlər. Buna görə də səkkiz saatlıq qidalanma rejimi hər kəs üçün eyni nəticəni təmin edən üsul kimi qiymətləndirilməməlidir.
Samir


