Ərikdə xərçənglə əlaqəli bakteriyaya qarşı təsir göstərən maddələr aşkarlandı

SAĞLAMLIQ
17:30 / 13.10.2026
46

Yapon əriyi ekstraktı mədə xərçəngi riskini artıran Helicobacter pylori bakteriyasının inkişafını zəiflədə bilər. Çinli alimlərin araşdırmasına görə, ekstrakt hətta antibiotiklərə davamlı olan bəzi bakteriya növlərinə qarşı da təsir göstərib.

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Food & Function” elmi jurnalında dərc olunub.

Araşdırma çərçivəsində alimlər 17 növ yeyilə bilən bitkinin ekstraktını yoxlayıblar. Ən nəzərəçarpan nəticə Yaponiyada yetişən və mume kimi də tanınan ərikdən əldə edilən ekstraktla bağlı olub.

Laboratoriya sınaqları zamanı ekstraktın bakteriyanın çoxalmasını zəiflətdiyi, həmçinin onun mədə hüceyrələrinə zərər vurmasına kömək edən genlərin aktivliyini azaltdığı müəyyən edilib. Siçanlar üzərində aparılan təcrübələrdə isə iltihabın azaldığı və mədənin selikli qişasının bərpasına müsbət təsir göstərildiyi müşahidə olunub. İnsan hüceyrələri ilə aparılan sınaqlarda da qoruyucu təsir qeydə alınıb.

Tədqiqatçılar hesab edirlər ki, meyvənin tərkibindəki üzvi turşular bu təsirdə mühüm rol oynaya bilər. Həmin maddələrin H. pylori bakteriyasının mədə hüceyrələrinə zərər vurması ilə əlaqəli CagA zülalına təsir göstərə biləcəyi ehtimal edilir.

Helicobacter pylori xroniki qastrit və mədə xorası ilə əlaqəli əsas amillərdən biridir. Bu bakteriyanın məhv edilməsi üçün antibiotiklər və digər preparatlardan istifadə olunur. Lakin bəzi hallarda mikroorqanizmin dərmanlara davamlılığı müalicəni çətinləşdirir.

Alimlər Yapon əriyi tərkibindəki maddələrin gələcəkdə infeksiyaya qarşı əlavə vasitələrin hazırlanmasında istifadə oluna biləcəyini düşünürlər. Bununla belə, nəticələr hələlik laboratoriya və heyvan təcrübələrinə əsaslanır. Meyvənin özünün yeyilməsinin insanlarda H. pylori infeksiyasını aradan qaldırıb-qaldırmadığı isə məlum deyil.

Samir

0