Bəzi pendir növləri yalnız zülal və kalsium mənbəyi deyil, həm də bağırsaq mikrobiomunun sağlamlığını dəstəkləyən faydalı bakteriyalarla zəngindir. Mütəxəssislər həzm sisteminə müsbət təsir göstərə bilən altı pendir növünə diqqət çəkiblər.
HİT.az xəbər verir ki, bu barədə UNIAN “Verywell Health” nəşrinə istinadən məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, “Nutrients” jurnalında dərc edilən araşdırmaya əsasən, pendirdəki faydalı bakteriyalar normal həzm prosesinə və bağırsaq mikrobiomunun tarazlığının qorunmasına kömək edə bilər.
İsveçrə pendiri faydalı bakteriya mədəniyyətləri ilə hazırlanması və yetişdirilməsi sayəsində probiotik mənbəyi hesab olunur. O, həmçinin zülalla zəngindir və bəzi digər pendir növləri ilə müqayisədə daha az natrium ehtiva edə bilər.
Provolone pendiri probiotiklərlə yanaşı, B qrupu vitaminləri və zərdab zülalı ilə də seçilir. Zərdab zülalı əzələlərin inkişafı və bədənin zülal ehtiyacının qarşılanması baxımından əhəmiyyətlidir.
Mozzarella zülal və kalsiumla zəngin olmaqla yanaşı, bəzi növlərində canlı faydalı bakteriyalar da ehtiva edir. Araşdırmalara görə, bu bakteriyalar bağırsaq sağlamlığının qorunmasına töhfə verə bilər.
Qouda yetişdirilmiş pendir növlərindən biridir. Onun tərkibindəki bakteriya mədəniyyətləri bağırsaq mikrobiomunu dəstəkləyə bilər. Bununla belə, bəzi növlərində yağ və natriumun miqdarı yüksək olduğundan məhsulun tərkibinə diqqət yetirmək tövsiyə olunur.
Parmezan pendiri də bağırsaq sağlamlığı baxımından faydalı hesab edilən məhsullar sırasındadır. Xüsusilə ənənəvi üsulla hazırlanan Parmigiano Reggiano pendirində *Lactobacillus rhamnosus* kimi canlı bakteriya ştammlarının mövcudluğu qeyd olunur. Bu pendirin digər üstünlüyü laktoza miqdarının nisbətən az olmasıdır.
Dənəli kəsmik pendiri yüksək zülal və nisbətən aşağı kalorili tərkibi ilə seçilir. Bəzi növlərində canlı bakteriya mədəniyyətləri olur. Bundan əlavə, bu məhsul bağırsaq mikrobiomunun fəaliyyətində rol oynayan selenium mineralını ehtiva edir.
Mütəxəssislər pendir alarkən qablaşdırmanın üzərində “canlı” və ya “aktiv bakteriya mədəniyyətləri” ifadələrinə diqqət yetirməyi tövsiyə edirlər. Fermentasiya olunmuş və yetişdirilmiş pendirlər uyğun seçim ola bilər. Eyni zamanda, pendirin tərəvəz, meyvə, paxlalılar və tam taxıllı məhsullarla birlikdə istehlakı lif qəbulunu artıraraq bağırsaq sağlamlığının dəstəklənməsinə kömək edə bilər.
Qeyd olunur ki, pendirin probiotik tərkibi onun hazırlanma üsulundan və emal prosesindən asılıdır. Buna görə də bütün pendirləri eyni dərəcədə probiotik mənbəyi hesab etmək olmaz. Süd məhsullarına fərdi dözümsüzlüyü olan şəxslər isə qidalanma seçimlərini mütəxəssislə məsləhətləşərək müəyyənləşdirməlidirlər.
Samir


