Gündəlik 10 min addım atmaq sağlam həyat tərzinin əsas göstəricilərindən biri hesab edilsə də, araşdırmalar daha az hərəkətlə də ciddi sağlamlıq faydaları əldə etməyin mümkün olduğunu göstərir. Alimlərin fikrincə, gündəlik addımların sayı ilə yanaşı, yerimə sürəti də mühüm əhəmiyyət daşıyır.
HİT.az xəbər verir ki, bu barədə “The Economist” nəşri elmi araşdırmalara istinadən yazıb.
“Lancet Public Health” jurnalında 2025-ci ildə dərc olunan və 57 elmi işi əhatə edən araşdırmada addımların sayı ilə sağlamlıq göstəriciləri arasındakı əlaqə təhlil edilib. Nəticələrə görə, gündə 2 min addımla müqayisədə 7 min addım atmaq vaxtından əvvəl ölüm riskinin 47 faiz, ürək-damar xəstəlikləri riskinin 25 faiz, diabet riskinin isə 14 faiz azalması ilə əlaqələndirilib.
Tədqiqatçılar hətta gündəlik addımların sayını 2 mindən 4 minə çatdırmağın da əhəmiyyətli fayda verə biləcəyini müəyyən ediblər. Bununla yanaşı, addımların sayı artdıqca əlavə faydanın tədricən azaldığı müşahidə olunub. Araşdırmaya rəhbərlik edən, Sidney Universitetinin epidemioloqu Melodi Dinqin sözlərinə görə, əksər sağlamlıq göstəriciləri üzrə 7 min addımdan sonra əlavə hərəkətin faydası əvvəlki qədər yüksək olmur. Məsələn, gündəlik addımların sayını 7 mindən 10 minə çatdırmaq ölüm riskinin cəmi əlavə 2 faiz azalması ilə əlaqələndirilib.
Alimlər yerimənin sürətinə də diqqət çəkirlər. Monash Universitetinin tədqiqatçısı Emmanuel Stamatakisin rəhbərlik etdiyi araşdırmada təxminən 64 743 iştirakçının məlumatları təhlil edilib. Nəticələr daha sürətli yeriməyin də sağlamlıq baxımından faydalı olduğunu göstərib. Belə ki, sürətli templə gündə 5 minədək addım atan şəxslərdə ölüm riskinin azalması yavaş templə 5-7,5 min addım atan insanlardakı nəticələrə yaxın olub.
Tədqiqatçıların qənaətinə görə, optimal seçim gündə 7 500-10 000 addım atmaq və bu müddətin müəyyən hissəsində sürətli yeriməyə üstünlük verməkdir. Təxminən dəqiqədə 100 addım tempində yerimək bu baxımdan tövsiyə olunan göstəricilərdən biri kimi qeyd edilir.
Mütəxəssislər vurğulayırlar ki, az hərəkət etməkdənsə, imkan daxilində gündəlik aktivliyi artırmaq daha faydalıdır. Hətta qısa məsafələri sürətli templə qət etmək və gündəlik işlər zamanı daha çox piyada gəzmək də sağlamlığa müsbət təsir göstərə bilər. Əsas məqsəd fiziki aktivliyi gündəlik həyatın davamlı bir hissəsinə çevirməkdir.
Samir


