İnsanların gecə yuxusu fərqli şəkildə formalaşır. Yuxunun quruluşuna ən çox orqanizmin fərdi xüsusiyyətləri və həyat tərzi təsir edir, universal “normalar” deyil.
HİT.az xəbər verir ki, bu paleonevroloq Sergey Savelyev bunu “Pravda.Ru” nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, fizioloji xüsusiyyətlərin müxtəlifliyi səbəbindən yuxu mərhələlərinin müddəti üçün bütün insanlara şamil edilə bilən vahid sxem müəyyənləşdirməyə çalışmaq düzgün deyil.
Yuxunun xarakterinə yaş, cins, vərdişlər, gün ərzində fiziki aktivlik səviyyəsi və emosional vəziyyət təsir göstərir. Gün ərzində toplanan qıcıqlandırıcı amillər və stress səbəbindən yuxu mütəmadi olaraq bölünə bilər.
Savelyev sürətli yuxu mərhələsində (REM) insanın dəqiq nə qədər vaxt keçirməli olduğuna dair birmənalı cavabın olmadığını da vurğulayıb. Yuxunun müddəti yaş artdıqca tez-tez dəyişir: bir çox insan yaşlandıqca daha az yatır və bu, normal hesab oluna bilər.
Həkim yuxunun keyfiyyətini saatlarla deyil, oyandıqdan sonra insanın özünü necə hiss etməsi ilə qiymətləndirməyi təklif edib.
Sentyabr ayında Çin alimlərinin sürətli yuxu mərhələsinin müddəti ilə ağır xəstəliklərin yaranma riski arasındakı əlaqəni araşdırmaq üçün doqquz il davam edən genişmiqyaslı tədqiqat apardıqları barədə məlumat yayılmışdı.
Əldə edilən nəticələrə görə, sürətli yuxu mərhələsinin qısalması demensiya, ürək çatışmazlığı və Parkinson xəstəliyinin inkişaf ehtimalını artırır.
Samir


