Alkoqol immun hüceyrələrini beyni məhv etməyə sövq edir – Alimlər

SAĞLAMLIQ
11:44 / 15.10.2026
64

Klivlend Klinikasının alimləri alkoqoldan sui-istifadənin beyinə necə zərər verdiyini müəyyən ediblər. Məlum olub ki, etanol mikroqliya adlanan immun hüceyrələrini yenidən proqramlaşdıraraq onları hüceyrəxarici matrisi dağıtmağa sövq edir. Bu struktur sinir toxumasının quruluşunu qoruyur və neyronların qarşılıqlı əlaqəsinə kömək edir. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Immunity” jurnalında dərc olunub.

Tədqiqatçılar görüntüləmə üsullarından istifadə edərək alkoqolun təsirindən əvvəl və sonra mikroqliya hüceyrələrini müşahidə ediblər. Məlum olub ki, böyük miqdarda alkoqol qəbul edildikdən cəmi bir saat sonra bu hüceyrələrin çıxıntıları yığılmağa başlayır və hüceyrələrin özləri hüceyrəxarici matrisi dağıdır.

Matris zədələndikcə neyronların aktivliyi azalır. Bu, alkoqolun yuxululuq, koordinasiyanın pozulması və huşun itirilməsi kimi kəskin təsirlərini izah edə bilər.

Alkoqoldan birdəfəlik həddindən artıq istifadə matrisin zədələnməsinə və neyronlar arasındakı əlaqələrin itirilməsinə səbəb olub. Alimlər müntəzəm alkoqol qəbulunun da nəticələrini araşdırarkən beynin qərarvermə və impulsların idarə olunmasında iştirak edən alın payında neyron itkisi aşkar ediblər.

Alkoqoldan istifadə ilə bağlı pozuntuları olan insanların beyin nümunələrinin təhlili zamanı da hüceyrəxarici matrisi əhatə edən oxşar zədələnmələr müəyyən edilib.

Alimlər gələcək müalicə üsulları üçün potensial hədəf də müəyyənləşdiriblər. Söhbət mikroqliyanın aktivləşməsində iştirak edən MyD88 zülalından gedir.

Eksperimentlər zamanı bu zülalın sintezinə cavabdeh olan genin mikroqliya hüceyrələrindən çıxarılması matrisi və neyronları zədələnmədən qoruyub, həmçinin alkoqolun sakitləşdirici təsirini azaldıb. Bu nəticə qanda spirtin konsentrasiyası eyni dərəcədə yüksək qaldığı halda belə müşahidə olunub.

Tədqiqatın nəticələri alkoqolun beyinə zərər vurma mexanizmlərini daha dərindən anlamağa və gələcəkdə bu zədələnmələrin qarşısını almağa yönəlmiş müalicə üsullarının hazırlanmasına kömək edə bilər.

Samir

0