Orqanizmin normal fəaliyyəti üçün kifayət qədər maye qəbul etmək vacibdir. Lakin hər kəs üçün keçərli olan vahid su norması yoxdur. Mayeyə olan ehtiyac insanın çəkisindən, fiziki aktivliyindən, hava şəraitindən və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.
HİT.az-ın məlumatına görə, dietoloq Yevgeniya Rozum qadınlara gündə təxminən 2 litr, kişilərə isə 2,5 litr maye qəbul etməyi tövsiyə edən Avropa göstəricilərini xatırladıb. ABŞ-ın müvafiq qurumlarının tövsiyələrində isə bu rəqəm qadınlar üçün 2,7 litr, kişilər üçün 3,5 litrdən çoxdur.
Həkimin sözlərinə görə, gündəlik maye ehtiyacını təxmini hesablamaq üçün bədən çəkisinin hər kiloqramına 30–35 millilitr maye götürmək olar. Bununla belə, ən vacib göstəricilərdən biri susuzluq hissidir. Sidiyin açıq, saman rəngində olması da adətən orqanizmin kifayət qədər maye aldığını göstərir. Tünd sarı rəng isə su qəbulunu artırmaq ehtiyacına işarə edə bilər.
Çay və qəhvə də gündəlik normaya daxildirmi?
Dietoloq bildirir ki, gündəlik maye miqdarına təkcə adi su deyil, çay, qəhvə, digər içkilər, şorbalar, eləcə də tərəvəz və meyvələrdən alınan su da daxildir. Ümumi maye ehtiyacının təxminən 20–30 faizinin bu mənbələrdən qarşılanması mümkündür. Bununla belə, təmiz içməli su əsas yer tutmalı, onun əvəzinə tamamilə çay, kompot və ya şirə qəbul edilməməlidir.
Həddindən artıq su içmək təhlükəlidirmi?
Sağlam insanlarda böyrəklər artıq mayeni adətən orqanizmdən xaric edir. Lakin qısa müddətdə həddindən artıq su içmək, xüsusilə marafon zamanı, təhlükəli nəticələrə səbəb ola bilər. Böyrəklər mayeni vaxtında xaric edə bilmədikdə su intoksikasiyası yarana bilər. Bəzi xəstəliklər və dərmanlar da bu riskə təsir göstərir.
Digər tərəfdən, kifayət qədər su içməmək susuzlaşmaya gətirib çıxara bilər. Yüngül susuzlaşma baş ağrısı, başgicəllənmə, halsızlıq, yuxululuq və ürəkdöyünmə ilə müşayiət oluna bilər. Ağır hallarda isə qan təzyiqinin enməsi, huşun itirilməsi və bədən temperaturunun yüksəlməsi mümkündür.
Həkim xüsusilə isti havalarda, fiziki fəaliyyət zamanı və xəstəlik dövründə maye qəbuluna diqqət yetirməyi tövsiyə edir. Eyni zamanda, insan özünü məcbur edərək həddindən artıq su içməməli, fərdi ehtiyaclarını və sağlamlıq vəziyyətini nəzərə almalıdır.
Samir


