Bəzi insanlar səssiz mühitdə özlərini rahat hiss etmək əvəzinə narahatlıq keçirir, daim musiqi və ya digər səslərin olmasına ehtiyac duyurlar. Psixoloqların fikrincə, bu hal bəzən insanın daxili emosional vəziyyəti ilə bağlı problemlərə işarə edə bilər.
HİT.az-ın RT-yə istinadən verdiyi məlumata görə, psixoloq, dosent Yelena Skripaçova bildirib ki, səssizlik insanı öz düşüncələri və hissləri ilə baş-başa qoyur. Gündəlik həyatın informasiya axını və daimi səs-küyü isə insanın yorğunluq, günahkarlıq hissi və ifadə olunmamış emosiyalarına diqqət yetirməsinin qarşısını ala bilər.
Mütəxəssis qeyd edib ki, səssizliyə dözümsüzlük xroniki stress, tənhalıq hissi, emosional tükənmə və depressiv əhval-ruhiyyə ilə əlaqəli ola bilər. Uşaqlıqda yaşanan travmalar, təşviş pozuntuları və insanın fərdi xüsusiyyətləri də bu vəziyyətə təsir göstərə bilər.
Bununla belə, insanın işləyərkən və ya istirahət edərkən arxa fonda musiqi və başqa səslərə üstünlük verməsi özlüyündə psixoloji problem hesab edilmir. Əsas məsələ bu ehtiyacın gündəlik həyata necə təsir etməsidir.
Psixoloqun sözlərinə görə, səssizlik yuxuya getməyə mane olursa, güclü gərginlik, qıcıqlanma və ya panikaya səbəb olursa, bu əlamətlərə diqqət yetirmək lazımdır. Belə hallarda peşəkar psixoloqa müraciət etmək tövsiyə olunur.
Samir


