“Bəzi insanlar təyyarə ilə səyahət etməkdən o qədər qorxurlar ki, hətta başqa ölkəyə getmək arzuları olsa belə, bu qorxu onların qarşısında maneəyə çevrilir”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bilet almaq, hava limanına getmək və ya sadəcə uçuş haqqında düşünmək belə onlarda güclü narahatlıq yarada bilər:
“Psixologiyada bu vəziyyət “aerofobiya” adlanır. Bəs insan niyə təyyarədən bu qədər qorxur? Bu qorxunun arxasında nə dayanır? Əslində, hər qorxunun arxasında eyni səbəb olmur. Bəzi insanlar yüksəklikdən, bəziləri təyyarənin qəzaya uğramasından, bəziləri isə uçuş zamanı özlərini pis hiss etməkdən qorxurlar.
Elə insanlar da var ki, onların əsas qorxusu baş verəcək hadisələrə müdaxilə edə bilməməkdir. Yəni onlar üçün ən çətin olan təyyarənin özü deyil, nəzarətin öz əllərində olmaması hissidir. İnsan həyatında bir çox şeyi nəzarətdə saxlamağa çalışır. Hara gedəcəyini, nə vaxt dayanacağını, təhlükə hiss etdikdə necə davranacağını özü müəyyənləşdirir. Lakin təyyarədə olarkən bu imkanların məhdud olduğunu hiss edir”.
Psixoloq vurğulayıb ki, bu vəziyyət bəzi insanlar üçün güclü narahatlıq yaradır:
“Çünki onlar qeyri-müəyyənliyə dözməkdə çətinlik çəkirlər və hər şeyin əvvəlcədən məlum olmasına ehtiyac duyurlar. Digər tərəfdən, insanın düşüncələri də qorxunun yaranmasında mühüm rol oynayır. Məsələn, təyyarəyə minməzdən əvvəl beynində “Birdən qəza baş versə?”, “Birdən nəfəs ala bilməsəm?”, “Birdən panikaya düşsəm və özümü idarə edə bilməsəm?” kimi fikirlər yaranır.
İnsan hələ heç nə baş verməmiş gələcəkdə ola biləcək ən pis ssenariləri düşünməyə başlayır. Bədəni isə bu düşüncələrə sanki real təhlükə ilə qarşılaşırmış kimi reaksiya verir. Ürək döyüntüsü sürətlənir, əllər tərləyir, nəfəs dəyişir və insan özünü daha da pis hiss edir. Bu zaman qorxu daha da güclənir. İnsan ürəyinin sürətlə döyündüyünü hiss edir və düşünür ki, deməli, həqiqətən təhlükəli bir vəziyyətdədir”.
Ekspertin sözlərinə görə, halbuki bəzən bu əlamətlər təhlükənin deyil, qorxunun özünün nəticəsi olur:
“Beləliklə, insan öz düşüncələrindən qorxmağa başlayır. Bəzən insan əvvəllər uçuş zamanı güclü narahatlıq keçirib və beyni həmin təcrübəni təhlükə ilə əlaqələndirib. Bəzən yaxınlarının qorxularını dinləyərək, qəza xəbərlərini izləyərək və ya ətrafındakı insanların danışdıqlarından təsirlənərək bu qorxunu inkişaf etdirib.
Bəzi hallarda isə insanın ümumi narahatlıq səviyyəsi yüksək olur və o, yalnız təyyarədə deyil, həyatın başqa sahələrində də nəzarəti itirməkdən qorxur. Maraqlı məqam budur ki, aerofobiyası olan insan təyyarənin təhlükəsizliyi haqqında kifayət qədər məlumatlı olsa belə, qorxusunu idarə etməkdə çətinlik çəkə bilər. Çünki qorxu yalnız məntiqlə yaranmır. İnsan ağlı ilə təhlükənin düşündüyü qədər böyük olmadığını anlasa da, emosional olaraq özünü təhlükədə hiss edə bilər”.
Ülviyyə Ağazadə aerofobiyadan xilas olmaq üçün atılacaq addımlardan da danışıb:
“İlk növbədə, qorxunu özünüzdə bir zəiflik kimi qiymətləndirməyin. Qorxmaq insanın təbii reaksiyasıdır. Əsas məsələ bu qorxunun həyatınıza nə qədər təsir etməsi və sizin qərarlarınızı nə dərəcədə idarə etməsidir. Özünüzdən soruşun: “Mən təyyarədə olarkən konkret olaraq nədən qorxuram? Qəza ehtimalından, nəzarəti itirməkdən, yoxsa panikaya düşüb özümü idarə edə bilməməkdən?” Bu suallara verdiyiniz cavablar qorxunuzun əsl səbəbini anlamağa kömək edə bilər. İkinci addım düşüncələrinizə diqqət yetirməkdir.
Beyninizdə qorxulu ssenari yarandıqda özünüzdən soruşun: “Bu, hazırda baş verən real hadisədir, yoxsa mənim gələcəklə bağlı ehtimalımdır?” Çünki insan bəzən baş verməmiş hadisəni zehnində dəfələrlə yaşayır və hər dəfə həmin hadisə baş verirmiş kimi qorxu hiss edir. Üçüncü addım qorxudan tamamilə qaçmaq əvəzinə, onunla tədricən üzləşməyi öyrənməkdir. Məsələn, əvvəlcə uçuş haqqında məlumat toplamaq, sonra hava limanı və uçuş prosesi ilə tanış olmaq, daha sonra isə mütəxəssis dəstəyi ilə qorxu yaradan vəziyyətlərə mərhələli şəkildə alışmaq mümkündür”.
Həmsöhbətimiz əlavə edib ki, burada məqsəd özünüzü məcbur etmək deyil, qorxunu idarə edə biləcəyinizi addım-addım öyrənməkdir:
“Nəfəsə diqqət yetirmək, əzələləri boşaltmaq və diqqəti qorxulu düşüncələrdən indiki ana qaytarmaq da narahatlığı azaltmağa kömək edə bilər. Əgər qorxu güclüdürsə, uçuşlardan davamlı qaçmağa səbəb olursa və həyatınıza maneə yaradırsa, psixoloqla işləmək faydalı olar. Koqnitiv-davranış terapiyası və mərhələli ekspozisiya bu qorxu ilə işləmək üçün istifadə olunan effektiv yanaşmalardandır. Ən vacibi isə budur: məqsəd heç vaxt qorxmamaq deyil.
Məqsəd qorxu hiss etdikdə onun sizi idarə etməsinə imkan verməməyi öyrənməkdir. Bəzən insanın azadlığını məhdudlaşdıran təyyarə deyil, onun zehnində yaratdığı qorxulu ssenarilər olur. O, getmək istədiyi yerlərdən, yaşamaq istədiyi təcrübələrdən və qurduğu planlardan imtina edir. Zaman keçdikcə isə bu imtina qorxunu daha da gücləndirə bilər. Bəzən insanın aşmalı olduğu məsafə iki ölkə arasındakı məsafə deyil, öz qorxuları ilə azadlığı arasındakı məsafədir”.
Pərviz


