Yüksək arterial təzyiq ürək-damar xəstəlikləri və böyrək problemləri riskini artırır. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma və bəzi məhsulların istehlakının məhdudlaşdırılması təzyiqin nəzarətdə saxlanmasına, uzun müddətdə isə ürək və böyrəklərin qorunmasına kömək edə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Health” nəşri kardioloqların tövsiyələrinə istinadən məlumat yayıb.
Mütəxəssislərin fikrincə, yüksək təzyiqdən əziyyət çəkənlər ilk növbədə kolbasa, sosiska, bekon və digər emal olunmuş ət məhsullarının istehlakını azaltmalıdırlar. Bu qidaların tərkibində çoxlu natrium və doymuş yağlar olur. Həddindən artıq natrium təzyiqin yüksəlməsinə, doymuş yağlar isə qanda pis xolesterinin artmasına səbəb ola bilər. Onların əvəzinə təzə toyuq əti, balıq və duz əlavə edilməmiş paxlalı məhsullara üstünlük verilməsi tövsiyə olunur.
Kardioloqlar konservləşdirilmiş şorba və tərəvəzlərə, eləcə də pepperonili pizza, burger, hot-doq və paketlənmiş qəlyanaltılara da diqqət yetirməyi məsləhət görürlər. Belə məhsulların bir çoxunda duzun miqdarı yüksək olur. Dondurulmuş tərəvəzlər konservləşdirilmiş alternativlərlə müqayisədə daha az natrium ehtiva edə bilər. Hazır yemək alarkən isə məhsulun etiketindəki duz və natrium göstəricilərini yoxlamaq vacibdir.
Şəkərli qazlı içkilər, şirin qəhvə və idman içkilərinin də istehlakını məhdudlaşdırmaq lazımdır. Əlavə şəkər çəki artımına səbəb olmaqla arterial təzyiqin idarə edilməsini çətinləşdirə bilər. Mütəxəssislər gündəlik maye ehtiyacını qarşılamaq üçün adi suya üstünlük verilməsini tövsiyə edirlər. Alkoqol qəbulu da azaldılmalı, onun ürək sağlamlığını qorumaq məqsədilə istifadəsindən çəkinilməlidir.
Bundan başqa, hazır ədviyyat qarışıqları, ketçup, barbekü sousu, salat sousları və dondurulmuş hazır yeməklər də risk yarada bilər. Bu məhsulların tərkibində yüksək miqdarda duz və ya şəkər ola bilər. Yeməklərə dad vermək üçün limon, sarımsaq, qara istiot və təzə göyərtidən istifadə etmək daha məqsədəuyğundur.
Kardioloqlar açıq alovda və çox yüksək temperaturda bişirilən ət məhsullarının istehlakına da diqqətlə yanaşmağı məsləhət görürlər. Belə bişirmə üsulları zamanı yaranan bəzi kimyəvi birləşmələr sağlamlıq üçün risk yarada bilər. Buna görə də əti hazırlayarkən həddindən artıq yüksək temperaturdan və birbaşa açıq alovdan mümkün qədər uzaq durmaq tövsiyə olunur.
Mütəxəssislər vurğulayırlar ki, yüksək təzyiqin idarə olunmasında yalnız ayrı-ayrı qidaların məhdudlaşdırılması deyil, ümumi qidalanma vərdişləri də əhəmiyyətlidir. Duzun azaldılması, təzə məhsullara üstünlük verilməsi və balanslı qidalanma ürək-damar sağlamlığının qorunmasına kömək edə bilər.
Samir


