Qarın nahiyəsində artıq piylərin toplanması yalnız xarici görünüşlə bağlı deyil, həm də sağlamlıq üçün ciddi risk yarada bilər. Həkimlər bildirirlər ki, balanslı qidalanma və müntəzəm fiziki aktivlik bu problemin aradan qaldırılmasına, eləcə də ürək-damar xəstəlikləri riskinin azaldılmasına kömək edə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Fox News” nəşri məlumat yayıb.
Nyu-Yorkda fəaliyyət göstərən terapevt Maykl Əziz qarın nahiyəsində piylənmə ilə mübarizə aparan şəxslərə üç əsas qida qrupuna üstünlük verməyi tövsiyə edib. Həkimin sözlərinə görə, genetik amillər piylənməyə təsir göstərsə də, sağlam qidalanma və müntəzəm idmanla artıq çəkinin qarşısını almaq mümkündür.
Birinci qrup yağsız zülal mənbələridir. Toyuq döşü, yumurta, balıq, tofu və digər bitki mənşəli zülallar həm toxluq hissini uzadır, həm də kalori qəbulunu nəzarətdə saxlamağa kömək edir. Mütəxəssislər bildirirlər ki, qırmızı ət əvəzinə dərisiz toyuq, balıq və bitki mənşəli zülallara üstünlük vermək doymuş yağların istehlakını azaltmaq baxımından faydalıdır. Bununla belə, həddindən artıq zülal qəbulu bəzi sağlamlıq riskləri yarada bilər.
İkinci qrup meyvə və tərəvəzlərdir. Həkim tərəvəzlərin, xüsusilə yarpaqlı göyərtilərin gündəlik qidalanmada daha çox yer almasını məsləhət görür. Liflə zəngin və kalorisi nisbətən az olan bu məhsullar toxluq hissini artırmağa kömək edir. Giləmeyvələr, alma, sitrus meyvələri, albalı və şaftalı da faydalı seçimlər sırasında göstərilir. Tərəvəzləri zülal və sağlam yağ mənbələri ilə birlikdə qəbul etmək daha balanslı qidalanmağa imkan verir.
Üçüncü qrup sağlam yağlardır. Zeytun yağı, avokado və qoz kimi məhsullar orqanizm üçün faydalı yağlarla zəngindir. Həkimin fikrincə, bu qidalar toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edə bilər. Buna görə də arıqlamaq istəyənlərin bütün yağları rasiondan çıxarması düzgün yanaşma deyil. Əsas məsələ yağların növünə və qəbul edilən miqdarına diqqət yetirməkdir.
Bundan əlavə, həkim kifayət qədər su içməyi, yaşıl çay və qəhvəni isə ölçülü şəkildə qəbul etməyi tövsiyə edir. Eyni zamanda, şəkərli məhsulların və rafinə edilmiş karbohidratların istehlakını azaltmaq vacibdir. Belə qidalar toxluq hissinin uzun müddət davam etməməsinə və artıq kalori qəbuluna səbəb ola bilər.
Qeyd edək ki, qarın nahiyəsindəki piyləri yalnız müəyyən qidalarla əritmək mümkün deyil. Ümumi çəkinin azalması üçün balanslı qidalanma, fiziki aktivlik və davamlı sağlam həyat tərzi əsas şərtlərdir.
Samir


