Çuğundur şirəsinin tərkibindəki təbii nitratlar qan damarlarının genişlənməsinə kömək edərək arterial təzyiqin aşağı düşməsinə və ürək-damar sisteminin fəaliyyətinin yaxşılaşmasına təsir göstərə bilər. Bununla belə, içkinin təsiri hər insanda eyni olmur.
HİT.az xəbər verir ki, bu barədə elmi araşdırmalara istinadən UNIAN məlumat yayıb.
Çuğundur kalium, fol turşusu və antioksidant xüsusiyyətlərə malik bitki birləşmələri ilə zəngindir. Tərəvəzin tərkibindəki təbii nitratlar orqanizmdə azot oksidinə çevrilir. Bu maddə qan damarlarının rahatlamasına, qan dövranının yaxşılaşmasına və nəticədə arterial təzyiqin azalmasına şərait yarada bilər.
2024-cü ildə aparılan və yüksək qan təzyiqi olan 349 nəfərin iştirak etdiyi 11 klinik tədqiqatı əhatə edən icmalda çuğundur şirəsi qəbul edənlərdə sistolik təzyiqin, yəni təzyiqin yuxarı göstəricisinin, nəzarət qrupu ilə müqayisədə orta hesabla 5,3 mm civə sütunu azaldığı müəyyən edilib.
Çuğundur şirəsi idmançılar arasında da maraq doğurur. Araşdırmalara əsasən, onun tərkibindəki nitratlar fiziki yüklənmə zamanı əzələlərin oksigendən daha səmərəli istifadə etməsinə kömək edə bilər. Bu təsir xüsusilə dözümlülük tələb edən idman növlərində nəticələrə müsbət təsir göstərə bilər.
Gündə nə qədər çuğundur şirəsi içmək olar?
Mütəxəssislər hər kəs üçün uyğun olan dəqiq gündəlik miqdarı hələ müəyyən etməyiblər. Tədqiqatlarda içkinin müxtəlif həcmlərindən və nitrat konsentrasiyalarından istifadə olunub. Təxminən 100–200 millilitr çuğundur şirəsini müxtəlif və balanslı qidalanmanın bir hissəsi kimi qəbul etmək mümkündür. Lakin bu miqdarın hər kəsdə qan təzyiqini nəzərəçarpacaq dərəcədə aşağı salacağına zəmanət yoxdur.
Aşağı qan təzyiqindən əziyyət çəkənlər və təzyiqsalıcı dərmanlardan istifadə edənlər çuğundur şirəsini müntəzəm qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Böyrək daşı yaranmasına meyilli şəxslər də ehtiyatlı olmalıdırlar. Belə ki, çuğundurun tərkibindəki oksalatlar bəzi insanlarda böyrək daşlarının əmələ gəlməsinə töhfə verə bilər.
Samir


