Gündə bir-üç fincan qəhvə içmək vaxtından əvvəl ölüm riskinin azalması ilə əlaqələndirilir. Araşdırmaya görə, qəhvənin hansı formada qəbul edilməsi də əhəmiyyət daşıyır: şəkər və doymuş yağların çox əlavə olunmadığı qəhvədə daha müsbət nəticələr müşahidə edilib.
HİT.az xəbər verir ki, bu barədə “Blikk” nəşri məlumat yayıb.
Tədqiqatçılar ABŞ-da yaşayan 46 222 yetkin insanın məlumatlarını təhlil edərək qəhvə istehlakının miqdarı ilə ölüm riski arasındakı əlaqəni araşdırıblar. Nəticələrə əsasən, gündə bir-iki fincan qəhvə içənlərdə hər hansı səbəbdən ölüm riski qəhvə içməyənlərlə müqayisədə təxminən 16 faiz, iki-üç fincan içənlərdə isə 17 faiz daha aşağı olub.
Araşdırmada qəhvəyə əlavə edilən şəkər, süd, qaymaq və digər məhsulların təsiri də nəzərdən keçirilib. Məlum olub ki, ölüm riskinin azalması ilə bağlı əlaqə əsasən qara qəhvə və az miqdarda şəkər, eləcə də doymuş yağ əlavə edilmiş qəhvə qəbul edənlərdə müşahidə olunub. Bu qruplarda göstərici qəhvə içməyənlərlə müqayisədə təxminən 14 faiz aşağı olub.
Şəkər və doymuş yağların yüksək miqdarda əlavə edildiyi qəhvədə isə oxşar əlaqə təsdiqlənməyib.
Bununla belə, tədqiqat qəhvənin birbaşa ömrü uzatdığını sübut etmir. Nəticələr yalnız qəhvə istehlakı ilə ölüm riski arasında əlaqəni göstərir. Mütəxəssislər sağlam həyat tərzi, balanslı qidalanma, fiziki aktivlik və keyfiyyətli yuxunun da uzunömürlülük baxımından mühüm rol oynadığını vurğulayırlar.
Samir


