Üç qızı var Güllünün,
əsgərliyini çəkib gəlmiş,
həyatını qurmuş.
Həm ev, həm maşın almış oğlanlara
verəcək qızlarını
torpaqlar sülh yoluyla qaytarılsa da olar,
müharibə yoluyla da...
Cəbhə çox uzaqlarda,
nə evinə bomba düşəcək, nə ocağına od...
Güllü Qarabağı geri istəyir,
fərqi yoxdur onunçun
otuz min adam öləcək, ya on min
bunları ağlına gətirmək istəmir...
Tellinin iki qızı,
bir oğlu var.
Oğlu məktəblidir,
"Qarabağ" şeirini təzə öyrənir.
Tellidən olsa müharibə ya o yanlıq,
ya bu yanlıq olsun,
qisas gələcəyə qalmasın
qalmasın onun oğlu əsgər gedənə...
Bir tük əskik olmasın
Tellinin oğlunun başından...
Bala itirmək nədir bilir Telli,
ilkini doğuş vaxtı itirmişdi
hələ də yanır
ömrü boyu da yanacaq
oğlan idi o da
dursaydı indi universitetdə oxuyurdu
gedib-gəlib o uşağı xatırlayır Telli.
Bilirsiz nə oğlan olacaqdı deyir -
qız kimi gözəl idi,
yanaqları qıpqırmızıydı,
bir teli vardı, gəl görəsən
qapqara, şəvə kimi
deyirdin hörüyə gələr.
Mamaçaya qarğış edir Telli,
deyir onu görüm sağ olmasın,
ölüncə bağışlamayacam
həkim deyilmiş, qəssabmış.
Güllünün oğlu yararsızdır hərbiyə,
göz institutuna aparıb-gətirir
oğlunun gözlərinin qırğı kimi
görməyini istəyir, əlbəttə.
Şəhid xəbərləri gələndə cəbhədən
Güllü balıq yağını oğluna tərəddüdlə içirir.
Əlində qaşıq oğlunun başı üstündə dayanıb
bir anlıq əl saxlayır,
bəlkə elə zəif olsa yaxşıdı
oğlunun gözləri
özünü boş yerə öldürməsin,
həkimin yazdığı dərmanları oğluna verməsin
oğlunu aparatlara aparıb salmasın
birdən gözləri qırğı kimi görməyə başlar,
oğlunu əsgər apararlar,
o da şəhid olar.
Fatmanın oğlu üçüncü kursdadı,
qonşusu Zeynəb yasdadı.
Oğlu qayıdıb bayrağa bükülü
Fatma da dava istəyənlərdəndi
oğlu universiteti bitirənədək
qələbə çalınsın istəyir.
Sosial şəbəkələrdə müharibəyə çağırış edir,
o da qisas sabaha qalsın istəmir.
Sabah növbə onun oğluna çatacaq
bəlkə o da Zeynəb kimi yasa batacaq!
Kasıbçılıq ucbatından
bətnində öldürtdürdüyü
həyatlarını yarım qoyduğu döllərə
yanır hələ Fatma.
Deyir ki, yaşamaq bu qədər çətin olmasaydı
abort etdirməzdi,
günaha batmazdı
saxlasaydı, doğsaydı,
bələsəydi o uşaqları
indi orta məktəbin sonuncu sinfindəydilər
Heyf oldular...
əlində-ovcunda qalsın barı
doğub dünyaya gətirdikləri
onsuz da bir qarnı ac, bir qarnı tox
saxlayıb böyüdüb onları
bu dünyada bir gün görməyiblər
valideynləri kimi...
Abort etdiklərini kasıbçılıq aldı ondan,
doğduqlarını da müharibə adlı
əjdahaya qurban etmək istəmir.
Tanrı onlara qıymasın,
günahını bağışlasın...
Həcər müharibə istəmir,
Qəmər də istəmir,
Ömər də.
Onların oğulları indi hərbdədi,
oğullarına xətər dəyəcək deyə
ürəkləri ağızlarına gəlir:
"Balam salamat qayıtsın evinə
o, qayıdıb gəlincə dinclik olsun" -
deyə dua edirlər Allaha
sonrası,
sonrası qalır Allaha!
Nəzrinin, Fəridin,
Qumrunun ataları hərbçidir,
onlar da müharibə istəmir!
Atasına dua etmədən yuxuya getmir Qumru.
Nəzrin də
Fuad da
Nəzrin arzulayır illər tez keçsin,
atası tərxis olunsun ordudan
atəşkəs pozulanda
dünyanın düzəni pozulur bu uşaqlar üçün
sahmanından çıxır kainat.
Ehtiyatda olan əsgərdi Günayın atası,
həyəcanla soruşur:
"Neçə yaşından sonra
cəbhəyə aparmırlar kişiləri?"
Fikrində atasının yaşını hesablayır,
bir də otuz beşinə nə qədər qaldığını -
iki il qalıb hələ.
Günay bu iki ildə müharibə istəmir...
ancaq müharibəyə səsləyən şeirlər əzbərləyib
söyləyir müəlliminə.
Bir də var
oxuduqları kitablarda,
baxdıqları filmlərdə
yaşayanlar -
onlar üçün təkcə bir həqiqət var:
Səma altında heç nə
insan həyatından,
körpə gülüşündən,
isti ocaqdan,
qadın təbəssümündən,
dostluqdan,
sevgidən önəmli deyil!
Onlar hər iki tərəfə
sülh arzu edir.
Məşhur,
köhnə bir cizgi filminin şüarı dillərindədir:
"uşaqlar, gəlin dostcasına yaşayaq!"
müharibə istəyənlər isə
tələb edirlər israrla:
dəyişdirilsin "Xalqlar dostluğu"
Bakı metrosunun adı!
Verilsin stansiyaya
düşmən xalq tərəfindən öldürülən şəhidin adı,
nə arzularla,
nə ümidlərlə qoyulmuşdu
o ad stansiyaya bir zamanlar.
Eyni nağıllarla,
eyni cizgi filmləriylə,
eyni şeirlərlə böyümüşdü
halbuki bu iki düşmən xalq.
Bir də,
bir də nə vaxtsa
xalqların dostluğuna abidə qoyularmı?
Dostluqdan, sülhdən, aydın səmadan danışan
kitabların
filmlərin
şeirlərin bir anlamı olarmı yenə?