Nobel mükafatları 1901-ci ildən başlayaraq hər il fizika, kimya, tibb və fiziologiya, iqtisadiyyat (1969-cu ildən), ədəbiyyat, sülh uğrunda mübarizə sahələrində görkəmli fəaliyyətə görə verilir. Mükafat təsis olunanda bir sahə üzrə iki dəfə, ölümdən sonra verilməsi nəzərdə tutulmurdu. Mükafatın geri alınma mexanizm isə yoxdur. Hər il dekabr ayının 10-da Alfred Nobelin dünyasını dəyişdiyi gündə mükafat laureatlara təqdim edilir. Əslində, Nobel mükafatları laureatları dünya miqyasında bəşər nəslinin XX əsrdə müxtəlif elm və mədəniyyət sahələrinin ən görkəmli nümayəndələrini birləşdirən son dərəcə nüfuzlu klublardır. Bu klublara daxil olmaq həm asan həm də çox çətindir. Asandır ona görə ki, Nobel mükafatları klubunda əsl demokratik ovqat hökm sürür, qapılar hamının üzünə açıqdır. Çətindir ona görə ki, seçdiyin sahədə ən böyük uğura nail olmalısan. Nobel mükafatı laureatlarının həm öz ölkələrində, həm də dünyada nüfuzları zaman-zaman artır.
Mükafatın tarixinə diqqət etdikdə çox maraqlı məqamlara rast gəlinir. Layiq olan şəxslərin kənarda qalma səbəbləri nədir? Mükafatdan kimlər imtina edib? Dünyasını dəyişən şəxslərə mükafat verilibmi? İki dəfə kimlər mükafat alıb? “Qohumbazlığa” yol verilibmi? Ədəbiyyat sahəsindən söhbət düşəndə ən çox L.Tolstoy, F.Kafka, N. Hikmət, C.Coys, M.Prust, Mayakovski kimi görkəmli sənətkarların bu mükafata layiq görülməməsi diqqəti çəkir. Tolstoyla bağlı son vaxtlar çox maraqlı məqamlar ortaya çıxıb.
1901-ci ildə ədəbiyyat sahəsində ilk Nobel mükafatı fransız şairi Rene Prüdoma veriləndən bir ay sonra A. Nobelin həmyerliləri, bir qrup mədəniyyət və incəsənət xadimi Tolstoya məktubla müraciət edir. “İlk Nobel mükafatının təqdimatı mərasiminin keçirilməsi ilə əlaqədar biz bir qrup yazıçı, rəssam və tənqidçilər sizdən üzr istəyirik. Ədəbiyyat sahəsində mükafatın verilməsinə həvalə olunan təşkilat indiki tərkibdə nə yazıçı və rəssamları, nə də ictimai rəyi təmsil etmirlər”. İllər ötdükcə yeni laureatlar ortaya çıxır. Lakin Tolstoyun adı çəkilmir ki, çəkilmir. Nəhayət, 1906-cı ildə işə Peterburq Elmlər Akademiyası qarışır. Tanınmış alimlər 1906-cı ildə Stokholma məktub göndərirlər. Həmin ilin sentyabır ayında Yasnaya Polyanaya Tolstoyun dostu və bioqrafı Pavel Biryukov gəlir. O, əminliklə yazıçıya deyir ki, informasiyaya görə Tolstoya Nobel mükafatı veriləcək. Tolstoy bunun müqabilində nə edir? Bir gün sonra o, fin yazıçısı, onun əsərlərini fin dilinə tərcümə edən yazıçı Arvid Yarnfeltə belə bir məktub yazır: “Sevimli Arvid, sizdən rica edirəm ki , mənim sənə yazdığımı heç kim bilməsin. Biryukov mənə dedi ki, ola bilsin Nobel mükafatını mənə versinlər. Əgər bu baş verərsə, mənim imtina etməyim həddində artıq xoşagəlməz ola bilər. Ona görə də Sizdən hədsz dərəcədə xahiş edirəm ki, əgər İsveçlə əlaqələriniz varsa, çalışın ki, mükafatı mənə verməsinlər. Əllbəttə ki mən ünvanı öyrənib ora məktub yaza bilərəm. Ançaq mənə yaraşmaz ki, onları qabaqlayım, bəlkə onlar məni təyin etmək üçün heç fikirləşməyiblər”. Yarnfeld onun məktubunu olduğu kimi tərcümə edib İsveçə göndərməklə yazıçının xahişinə əməl edir. Həmin il mükafat heç öz ölkəsində yaxşı tanınmayan italyan şairi Karduççiyə verilir.
XX əsrin klassikləri və Avropa ədəbiyyatında “şüur axını” kimi böyük bir cərəyanın əsasını qolymuş M.Prust və C.Coys da Nobelə layiq görülməyiblər. Coysun “Ullis”i 1922-ci ildə çapdan çıxıb. Bu əsər sözsüz ki, bütün sonrakı nəsr və ədəbiyyat nəzəriyyəsinə əsaslı təsir göstərmişdir. Anoloji rolu Prustun “İtirilmiş zaman axtarışında” adlı məşhur roman silsiləsi oynamışdır. 1919-cu ildən etibarən məşhurlaşan Prust ədəbiyyat sahəsində Qonkur mükafatına layiq görülmüşdür. Bütövldükdə onun romanları yazıçının dünyasını dəyişməsindən beş il sonra çap edilmişdir. Belə çıxır ki, Nobel komitəsi Prustun ədəbiyyat sahəsindəki nailiyyətlərini qiymətləndirməyi çatdıra bilməmişdir. Ancaq Coys Prustdan 19 il sonra vəfat etmişdir. Onda nədən İsveçdə klassiki görməyiblər? Həmin illər belə söhbətlər gəzirmiş ki, romanın estetik yönümü Nobel komitəsinin ürəyincə olmayıb. Frans Kafkanın məşhur əsərləri “Qəsr” və “Proses” də yazıçının ölümündən sonra işıq üzü gördüyündən, Nobel komitəsini qınamaq olmur.
Ancaq buna baxmayaraq U.Çörçill 1953-cü ildə “əsl sənət nümunələri olan tarixi və bioqrafik xarakterli əsərlərinə” görə ədəbiyyat sahəsində mükafata layiq görüldü. İsveç Akademiyası onun yaradıcılığına belə qiymət vermişdir. “Çörçillin ədəbi və siyasi nailiyyəti o qədər genişdir ki, onu ancaq Sezar və Siseronlamüqayisə etmək olar”.
Məşhur imtinaçılar
1958-ci ildə İsveç Akademiyası Rus şairi Boris Pasternakı “müasir lirik poeziyada mühüm nəaliyyətləri və böyük rus epik roman ənənəsini davam etdir”məsinə görə ədəbiyyat sahəsində Nobel mükafatına layiq gördü. Bundan dərhal sonra “Pravda” və “Literaturnaya qazeta” da şairə qarşı hücumlar başlandı. Onun şəxsiyyətini təhqir edən məqalələrdə şairi “dönük”, şərə xidmət edən “böhtançı” adlandırırdılar. Bunlar azmış kimi o, Yazıçılar ittifaqından çıxarılmış və mükafatdan imtina etməyə məcbur edilmişdir. Bütün bu hücumlardan sonra Pasternak məcbur qalıb İsveç Akademiyasına teleqram göndərir: “Mənim mənsub olduğum cəmiyyət məni bu mükafatdan imtina etməyə məcbur edir. Mənim könüllü imtinamı ünvanınıza təhqir kimi qəbul etməyin”. Mükafatı 31 ildən sonra oğlu Yevgeniy Pasternak qəbul etmişdir.
Maraqlı imtina böyük Fransız yazıçısı və filosofu Jan Pol Sartra məxsusdur. İsveç Akademiyası 1964-cü ildə Sartrı “müasir dövr üçün çox böyük əhəmiyyət daşıyan azadlığın ruhuna hopmuş ideyalarına” görə ədəbiyyat sahəsində mükafata layiq gördü. Sartr bundan 19 il əvvəl Fəxri Legion ordenindən imtina etmişdir. Yazıçı hesab edirdi ki, fərqləndirici hansısa bir nişan onun oxucusuna təzyiq göstərə bilər. “Jan Rol Sartr” yaxud “Nobel mükafatı laureatı Jan Pol Sart” imzaları arasında fərq var. “Mənim Venesuela partizanlarına münasibətim ancaq özümə aiddir. Ancaq Nobel mükafatı laureatı Jan Pol Sartr Venesuela müqavimətinin müdafiəsinə qalxıbsa, deməli, o, bununla həm də Nobel mükafatını özü ilə sürükləyir”. “İstəməzdim ki, məni ictimai instituta çevirsinlər”.
Fiziologiya və tibb sahəsində Nobel mükafatı 1923-cü ildə insulinin kəşfinə görə Kanada fizioloqları Frederik Bantiq və Con Makleoda verilir. Ancaq əsl ideya F.Bantiq və və onun əməkdaşı Çarlz Bestə məxsus olmuşdur. Bu iki alim eksperimentin gedişatında insulin ifrazına nail omuşlar. Professor Makleod əvvəl Bantiqin ideyasına gülmüşdür. Sonda isə bu iki tədqiqatçının işlərinə təşkilati kömək göstərmişdir. Ançaq Nobel mükafatının qərarında Bestin yox, Makleodun adı çəkilmişdir. Mükafatın əsas namizədi Bantiq dərhal bəyan edir ki, əgər Bestin adı onunla birgə salınmasa, o, mükafatdan imtina edəcək. Lakin sonradan o, alim həmkarlarının təsiri ilə mövqeyini dəyişmişməli olur. Ancaq mükafata layiq görüldükdən sonra, bəyan edir ki, əslində ideya Bestə məxsusdur və mükafatı onunla yarı bölür.
Nobelin məşhur vəsiyyəti pozuldu
1931-ci ildə İsveç şairi Erik Karlfeldin ölümündən altı ay sonra İsveç Akademiyası onun Nobel mükafatına layiq görülməsinin lehinə səs verdi. Akademiyanın bu qərarı çox böyük narazılığa səbəb oldu. Nobel mükafatının verilməsi qaydalarına görə ölümdən sonra mükafat o halda verilə bilər ki, namizədlik ölümdən qabaq verilmiş olsun. Buna baxmayaraq, mükafa onun ailəsinə təqdim olunur. Akademiyada şair belə xatırlanır: “Müəyyən dövrlərdə əl işləri ilə hazırlanmış əşyalar nadirliyini itirmir. Ustalıqla işlənmiş Karlfeld şeirlərinin dilində xüsusi əxlaqi məna mövcuddur ki, onlar da nadirdir”.
Bunda 30 il sonra Nobel mükafatı yenidən çətinliklə üzləşdi. 1961-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş katibi İsveç dövlət və siyasi xadimi Daq Xammarşeld Konqoda baş verən qiyamla bağlı Afrika səmasında təyyarə qəzasına düşərək həlak olur. Bundan üç həftə sonra onun sülh üzrə Nobel mükafatına layiq görülməsi açıqlanır. O, gərgin əməyi ilə Birləşmiş Millətlər Təşkilatını effektiv beynəlxalq təşkilata çevirdiyinə görə mükafata layiq görülmüşdür. Xammarseld ölümündən sonra mükafata layiq görülmüş axırıncı Nobel laureatıdır.
İki dəfə nəzərdə tutulmurdu
Mariya Skladovskaya-Küri ilk qadın Nobel mükafatçısı olmaqla yanaşı, həm də iki dəfə bu mükafata layiq görülüb. O, 1903-cü ildə “Radiasiya hadisəsini tədqiqinə” görə , 1911-ci ildə isə radium və polonium elementlərinin kəşfinə görə kimya sahəsi üzrə Nobel mükafatına layiq görüldü.
Mükafatın tarixində Amerika kimyaçısı Laynus Polinq iki dəfə Nobel mükafatına layiq görülmüş ikinci şəxsdir. Kimyaçı alim 1954-cü ildə kimya sahəsində, 1962-ci ildə isə sülh sahəsində Nobel mükafatına layiq görülmüşdür.
Bir evdən neçə nəfər!
Bizdə yazıçı oğlunun yazıçı, şair oğlunun şair, həkim oğlunun həkim olması dəbdədir. İlk baxışda Nobel mükafatına layiq görülənlər arasında bu tendensiya sezilir. Ancaq bunlar tamam fərqli məsələlərdir. Bizdə bunlar məqsədli xarakter daşıyır. Maraqlıdır ki, hələ indiyə qədər Nobel mükafatına layiq görülmüş yazıçı və şairin həyat yoldaşı və övladları həmin nailiyyəti təkrarlamayıblar.
Nobel mükafatının tarixində 5 dəfə laureatların övladları, 3 dəfə isə ər-arvad birgə mükafata layiq görülüblər. Mariya Küri fizika səhəsində Nobel mükafatını həyat yoldaşı Pyer Küri ilə, qızı İren Colio isə kürəkəni Frederik Colio ilə birgə alıb.
1947-ci ildə Avstriya-Amerika biokimyaçısı Karl Kori həyat yoldaşı Gerta Kori ilə qlikogenin sintezinə görə Fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüblər.
1915-ci ildə fizika sahəsində Nobel mükafatına ingilis fiziki Henri Breqq və onun 25 yaşlı oğlu Lorens Breqq layiq görülürlər. Bu hadisə mükafatın tarixində anoloqu olmayan bir hadisədir. Lorens Breqq bu mükafata layiq görülmüş ən gənc laureatdır.
Dahi Nils Bor 1922-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görüldükdən 53 il sonra oğlu Oqe Bor həmin sahə üzrə bu mükafatı aldı.
1906-cı ildə atomun bölünməz hissəcik olmamasını sübut edən ingilis fiziki Cozef Tompson, 1936-cı ildə isə onun oğlu Corc Tompson fizika sahəsində Nobel mükafatına layiq görülüblər.
Atanın oğulla eyni sahədən Nobel mükafatına layiq görülməsi ənənəsini 1970-ci ildə Uolf Eyler pozdu. Atasının 1929-cu ildə kimya üzrə bu mükafata layiq görülməsinə baxmayaraq o, mükafata Fiziologiya və tibb sahəsində layiq görüldü.
Göründüyü kimi, Nobel mükafatının verilməsində xeyli paradokslar var. Ancaq bütün bunlar mükafatın nüfuzuna əsaslı şəkildə təsir göstərmir.
Pamuk və Pinter
İngilis dramaturqu Harrold Pinter 2005-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Onun Nobel nitqi çox böyük maraq kəsb edir: “İraqa hücüm banditizm aktıdır. Açıq-aşkar dövləti terrordur. İraqa hücum ardıcıl yalanlara əsaslanan, ictimai rəyi biabırçı manipuliyasiya edən istibdad, hərbi əməliyyatdır. Burada məqsəd Yaxın Şərqə hərbi və iqtisadi nəzarəti gücləndirməyə çağırış idi. Neçə nəfəri öldürmək lazımdır ki, sizin cinayətiniz “kütləvi qırğın” kimi təsnifatlandırılsın. Və siz hərbi cinayətkar adlandırılasınız? Yüz min? Mənə belə gəlir ki, bu normadan çoxdur. Ədalət tələb edir ki, Buş və Bleyer BMT-nın Beynəlxalq Məhkəməsi qarşısında dayansınlar. Lakin Buş axmaq deyil. O, BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya etməyib. O, hətta xəbərdarlıq edib ki, hansısa Amerika əsgəri, yaxud siyasətçisi məhkəmə qarşısında dayanmalı olsa, oraya dəniz piyada qoşunu göndərəcək. Lakin Bleyer BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya edib. Buna görə də onun məhkəmə təqibi əlverişlidir. Əgər hakimlər üçün maraqlıdırsa, mən onun ünvanını göstərə bilərəm. London Dauninq-strit, ev 10”.
2006-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş Pamukun “Babamın çamadanı” adlı nobel nitqindən: “Ölümündən iki il öncə atam şəxsi yazıları, əlyazmaları və dəftərlərilə dolu kiçik bir çamadan verdi mənə. Hər zamankı zarafatçıl, alayçı təbiətinə sadiq qalaraq özündən, yəni ölümündən sonra onları oxumamı istədiyini söylədi. Atamın böyük bir kitabxanası vardı. Gəncliyində, 1940-cı illərin sonunda, İstanbulda şair olmaq istəmiş, Valerini türkcəyə çevirmiş, amma oxucusu az, yoxsul bir ölkədə şeir yazıb ədəbi həyatın çətinliklərini yaşamaq istəməmişdi. Babam zəngin iş adamı olduğundan, atam rahat bir uşaqlıq və gənclik keçirmişdi, ədəbiyyat üçün, yazı üçün çətinlik çəkmək istəmirdi”.
Bundan əvvəl söylənilənləri Nobel komitəsinin paradoksları kimi qiymətləndirmək olar. Axırıncı nümunə isə bizə göstərir ki, laureatın vətəni yoxdur. Yeri gələndə, kimisi öz ölkəsinin başçısını bandit adlandıra, kimisi isə çamadan fəlsəfəsindən danışa bilər. Bu isə artıq paradoks deyil.
Milli Məclisin deputatı Etibar Əliyev