“Yuxu” qrupu – onlar Azərbaycanda rok musiqisinin əfsanəsi hesab olunur. Mahnıları dillər əzbəri olmaqla yanaşı, hələ də gənc musiqiçilərə örnəkdir.
Ötən əsrin 80-ci illərində bir sıra rok qruplar fəaliyyət göstərsə də, “Yuxu” hamısından fərqlənməyi bacardı. Çünki “Yuxu” mahnılarını öz dilimizdə oxuyurdu.
Qrup gitaraçı İbrahim Eminin təşəbbüsü ilə 80-ci illərin sonunda Sumqayıtda formalaşıb. Zərb alətlərində Çingiz Eyvazov, gitarada Namiq Nağdəliyev, vokalda isə Cəsur Nemətov idi. Müxtəlif vaxtlarda Serkan Civelek və Zaur Abdullayev də qrupda vokallıq ediblər.
“Yuxu” ilk çıxışını hələ 1987-ci ildə Sumqayıtda etsə də, biz onları “Qızıl payız” festivalından tanıdıq.
Qrupa qalibiyyət qazandıran mahnı isə “Xəzərin sahilində” oldu. Maraqlıdır ki, mahnının sözlərini İ.Eminin atası bəstələmişdi. O bu mahnıdan əlavə “Döngə”-nin də sözlərinin müəllifidir. İbrahim Emin mahnıdakı “Sumqayıt bağlarında” sözünü “Xəzərin sahilində” kimi dəyişərək kiçik bir düzəliş edir.
“Xəzərin sahilində” mahnısı Yuxu üçün viza rolunu oynayır. Mahnının klipini görən xanım Paskal “Yuxu”nu Fransada fəaliyyət göstərməyə dəvət edir.
Həmin vaxtlar Fransaya birbaşa çıxmaq mümkün deyildi, bu səbəbdən Türkiyə vasitəsilə getməyə qərar verirlər.
Lakin “Yuxu” Fransaya gedə bilmədiyinə görə Türkiyədə qalıb fəaliyyət göstərməli olur. “Yuxu”nun Türkiyədə klubdakı ilk çıxışı qrupun burada məşhurlaşmasının başlanğıcı olur.
İstanbulun birincilərindən olan “Yuxu”nu tezliklə yeni tədbirlərə, televiziyalara dəvət edirlər.
Qrupun fəaliyyətinin əsas hissəsini də 1991-2001-ci illərdə Türkiyədəki fəaliyyəti tutur. Burada qrupun üç albomu çıxır – "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998).
Son albom işıq üzü görəndə “Yuxu”-nun bitməsi”nə az qalmışdı. 1999-cu ildə İstanbulda baş vermiş güclü zəlzələ musiqi sənayesini də “silkələyir”.
Bir müddət “Yuxu” barlarda, klublarda ifa etsə də, 2001-ci ildə fəaliyyətini dayandırmağa məcbur olur.
Qrup dağıldıqdan sonra Çingiz Eyvazov və Namiq Nağdəliyev Türkiyədə qalaraq musiqi fəaliyyətlərini davam etdirirlər.
Sonradan Azərbaycana qayıdan Çingiz Eyvazov musiqi fəaliyyətini dayandırsa da, tatu işinə davam edir. Qrupun vokalisti Cəsur Nemətov isə Rusiyada yaşayır. “Yuxu”nun yaradıcısı İbrahim Emin isə keçən il 56 yaşında vəfat etdi.
10 ilə yaxındır fəaliyyətini dayandırsa da, Azərbaycanda “Yuxu” qrupunun fanatları az deyil. Xüsusən, “Xəzərin sahilində” kompozisiyası nəinki orta və yaşlı nəsil nümayəndələrinin, həm də gənc nəslin də sevgisini qazanıb.