“Əziz izləyicilərim, son zamanlar Filipp Kirkorovun atası Bedros Kirkorovun Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə etdiyi humanitar yardımla bağlı yayılan xəbərlərə aydınlıq gətirmək istəyirəm”.
Bu sözləri Xalq artisti Aygün Kazımova instaqram səhifəsində yazıb. Müğənni Rusiyanın Xalq artisti F. Kirkorovla əlaqə saxladığını, atasının Ermənistana yardım xəbərlərinin yanlış olduğunu bildirib:
“Filipplə əlaqə saxlamağı özümə borc bildim və telefon danışığımızı olduğu kimi sizə təqdim edirəm: “Aygün, sən hansı humanitar yardımdan danışırsan? Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır. O, öz canının hayındadır. Ürəyindən əməliyyat olunub. Elə bir şey yoxdur və ola da bilməz! Bu xəbərlər yalandır, böhtandır! Belə bir addım atılmayıb! Bu xəbərləri biz təkzib etmişik, bütün rus, hətta erməni mediasında bu haqda məlumatlar da var, açıb oxuya bilərsiniz. Qarabağda baş verənlər məni də çox üzür və mən yalnız sülhün tərəfindəyəm”.
Kazımova daha sonra həmkarının erməni və rus KİV-ində dərc edilən məqalələrə görə çox sarsıldığını qeyd edib:
“Əziz həmvətənlərim, çıxan xəbərlər tamamilə yalandır! Əzizlərim, bir xəbəri araşdırmadan bir-birimizi top atəşinə tutmayaq! Unutmayaq ki, bizi düşmən izləyir! Yeri gəlmişkən Filipp bu günə qədər nə “Can Rusiya", nə Bolqarıstan, nə də “Can Ermənistan” oxumayıb.
Amma “Can Canım Azərbaycanım”ı ifa edib. Bu mahnıya görə ermənilər Filipi top atəşinə tuturlar, instagram səhifələrində və saytlarında təhqirlər yağdırırlar. Müharibə tək ön cəbhədə deyil, həm də sosial şəbəkələrdədir - informasiya müharibəsi. Odur ki, ermənipərəst insanların oyununa alət olmayaq. Yalnız rəsmi xəbərlərə inanaq”.