“Netflix” Azərbaycanla bağlı filmi təqdim etdi - FOTO, VİDEO

MƏDƏNİYYƏT
19:10 / 11.02.2021
1798

Dünyaca məşhur “Netflix” platforması ilk dəfə Azərbaycanla bağlı çəkdiyi filmi təqdim edib.

“Netflix İndonesia” tərəfindən lentə alınan “Leyla və Məcnun”un bu gün premyerası olub və İndoneziya dilində tamaşaçıların ixtiyarına verilib.

120 dəqiqəlik kinonun baş rollarında Rza Rahadian və Acha Septriasa rol alıb. Ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında ərsəyə gətirilib.

Filmin təqdimatı xəbəri İndoneziya və qərb KİV orqanlarında geniş yer alıb. Məlumatlarda Gəncəvinin 12 əsrdə yaşamış dahi Azərbaycan nasiri olduğu, çəkilişlərin əksəriyyətinin Bakıda baş tutduğu vurğulanıb.

Xarici medialar yazır ki, Leyla və Samirin sevgisi cəmiyyətdə dolaşan Leyla və Məcnunun hekayəsi kimidir və romantik janrdadır. Vurğulanıb ki, Azərbaycan- Orta Şərq havası kinoya xüsusi rəng qatıb.

Qeyd edək ki, filmin ilkin olaraq 2020-ci ildə yayımlanması planlaşdırılsa da, pandemiya səbəbindən 2021-ci ilin fevralına qədər təxirə salınmışdı.

Filmin rejissoru Monti Tivadır.

 

0
“Qafqazinfo”