Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı?

MƏDƏNİYYƏT
17:51 / 23.02.2021
1899

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadə bu gün Lənkəran rayonunun Liman qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Maraqlıdır, Yalçın Rzazadə kimi adlı-sanlı sənətkar niyə Bakıdakı İkinci Fəxri xiyabanda deyil, Lənkəranda dəfn edilib.

Bu barədə Modern.az-a danışan mərhumun oğlu Mətin Rzazadə deyib ki, Lənkəranda dəfn olunmağı sağlığında sənətkarın özü istəyib – yəni bu, mərhumun öz vəsiyyəti olub.
 
“Yalçın müəllimin ata-anası, qardaşı Lənkəran rayonunda dəfn olunduğuna görə, özü də rada torpağa tapşırılmağı vəsiyyət etmişdi”.

Mətin Rzazadə atasının onunla bağlı arzusundan da söz açıb:

“Atam məni öz davamçısı kimi görürdü. Təxminən bir həftə əvvəl gecə mənimlə əlaqə saxladı. 70-ci illərdə ifa etdiyi bir neçə mahnısının yeni aranjimanda ifa etməyimi istədi.

Onu da qeyd edim ki, Yalçın müəllimin 750-dən çox mahnısı var və mən hamısını əzbər bilirəm. Amma mənə dediyi mahnıları ilk dəfə eşidirdim”.

Müğənni Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub. 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini, 1973-cü ildə isə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.

0