Sabirin dəhşətli gizlinləri

MƏDƏNİYYƏT
14:07 / 02.06.2021
2524

Yubiley yazılarını sevmirəm. Təkcə ona görə yox ki, yubileylər yubilyarı ilin bir gününə məhkum edir. Həm də ona görə ki, biz Sabiri bir şair, bir şəxsiyyət, bir əzabkeş kimi tanımırıq. Ən əsası İnsan kimi... Ona görə də istəyirəm Sabirin həyatı ilə bağlı gizlinlərdə qalmış həqiqətlər hər kəsin ruhuna həkk edilsin... Bütün bunlardan sonra onu sevməmək mümkündürmü?

Sevmək anlamaqdır... 

1. Sabir bu fani dünyada düz 49 il yaşamışdı. Bizə cəmi bir kitab yadigar qoymuşdu. “Hophopnamə” Sabirin ömrünün son altı ilində yazdığı şeirlər vardı. Bəs əvvəlkilər? Sabirin müasiri Seyid Hüseyn yazırdı: “Ələkbər qəzəldə “Seyid Əzimdən, mərsiyədə isə məruz mərsiyə şairlərindən aşağı olduğunu əzab içində hiss edirdi”.  O öz dövrünü gözləyə-gözləyə tiyan dibində oturub sabun bişirir və  susurdu. Şeir yazmağa 43 yaşında başladı. Növbə xalqın ruhunu sabunlamağa gəlmişdi... 

2. Sabirin 43 illik sükutunun sirri çox güman ki, onun Avropa təhsili ala bilməməsində idi. Ərəbcə və farsca savadı kamil idi. Ancaq onun oxuduğu ədəbiyyat müasir dövrün ruhundan çox uzaq düşmüşdü.  Əsr bizi dindirirdi, ancaq o susurdu. Sabir rus dilini bilmirdi, dünyada gedən proseslərin mahiyyətini anlamaqdan uzaq idi. Bir neçə il İranda və Aşqabadda yaşamışdı, modern dünya ilə onu çox az şey bağlayırdı. Ancaq vulkan kimi partlayışa hazır olan istedadı kiçik bir boşluq, kiçik bir cığır axtarırdı. “Molla Nəsrəddin” jurnalını əlinə alan kimi Sabir nə yazmaq istədiyini başa düşdü. Və cəmi altı ilə Azərbaycan ədəbiyyatının klassiki səviyyəsinə yüksəldi. Dünya ədəbiyyatı tarixində Sabirin misli yoxdur.

3. Sabir şeirlərini gizli imza ilə yazır və poçtla jurnalın redaksiyasına yox, bir dostunun ünvanına yollayır, həmin dostu da şeiri redaksiyaya çatdırırdı. Ancaq Şamaxıda söz-söhbət səngimirdi. Və bir gün axund minbərdən Sabiri kafir elan etdi: “Ona salam vermək də haramdır”.  Sabir Allaha olan inancını heç bir zaman tərk etməyəcəkdi. Şairin dəhşət dolu günləri belə başlayırdı. Sabun bişirmək üçün quyruğu belə ona satmadılar. Hamama belə qoymadılar. Ondan artıq uşağı olan şairi və ailəsini səfalət gözləyirdi. Ancaq bu başlanğıc idi... 

4. “Molla Nəsrəddin” jurnalında Şamaxının nüfuzlu din xadimi haqqında karikatura çap edildikdə bunu da Sabirdən bildilər. Qızının əri ona silah çəkdi, Sabir qorxudan özündən gedib, bir neçə gün xəstə yatdı. Anası Sabirə südünü halal etmədiyini deyirdi. Arvadı onun xəriflədiyini deyir, doğma anası da gəlinini Sabirdən boşatmaq istəyirdi. Şair Şamaxını tərk etməyə məcbur oldu. 

5. Yoldan ötəni saxlayıb Sabirin şeirlərini soruşsanız mütləq “Millət necə tarac olur, olsun”u də deyəcək. Halbuki bu şeir Sabirin deyildi. Bu barədə təkzibedilməz sübutlar var, şeir çap ediləndə Sabir hələ jurnalla əməkdaşlığa başlamamışdı, jurnalın redaktoru Ömər Faiq Sabirin müəllifliyini inkar edir. Mirzə Cəlil məqaləsində şeirin Sabirə məxsus olmadığını yazmışdı. Ancaq şeirin əsl müəllifi Ədəbiyyat muzeyinə bağışladığı “Molla Nəsrəddin” jurnalının komplektlərində gizlənib. Mirzə Cəlil hər yazının altında məqalə müəllifinin adını qələmlə qeyd etmiş, bu şeirin altına isə öz adını yazmışdı. 

6. Bakıda heykəl qoyulan ilk ədib Sabir idi. Təqvimlərdə 1922 yazılmışdı. Sabirin ölümündən 10 il sonra... Ancaq açılış tədbirinə Mirzə Cəlil dəvət edilməmişdi. Bu faktı Mirzə Cəlilin giley və ağrı dolu məqaləsindən öyrənirik. 

Anası insanı satarsa insan üçün bu dünyada müqəddəs heç nə qalmaz. Ancaq Sabirin ürəyi o qədər təmiz, istedadı o qədər böyük,  mənəviyyatı o qədər pak, maarif həsrəti o qədər qüvvətli idi ki, bənzəri heç bir faniyə nəsib olmayan tragediyanın məngənəsində altı illik yaradıcılığı  millətin vicdanına öz imzasını atıb gedirdi... 

Sabirin şəxsiyyəti və şeriyyatı Azərbaycanı yenidən yaratmışdı...

İsa kimi çarmıxa çəkilən Sabir xalqını xilas etmişdi... 

Və xalqın, millətin və dövlətin hər uğurunda Sabirin payı vardır...


Qan Turalı

Oxu.az

 

0