“Oskar” mükafatı alan məşhur bakılı rejissor vəfat etdi

MƏDƏNİYYƏT
13:06 / 05.07.2021
2291

Tanınmış bakılı rejissor və “Oskar” mükafatı laureatı Vladimir Menşov vəfat edib.

Bu barədə “Mosfilm”in saytında xəbər verilib.

“Tanınmış sovet və Rusiya kinorejissoru, aktyoru, ssenaristi, prodüseri, “Mosfilm”in idarə heyətinin üzvü 82 yaşında koronavirus infeksiyasının yaratdığı fəsaddan dünyasını dəyişib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Vladimir Menşov 1939-cu il sentyabrın 17-də Bakıda dünyaya göz açıb. Məktəbin birinci sinfinə də Bakıda gedib. Onun atası dənizçilik məktəbini bitirdikdən sonra kapitanın birinci köməkçisi kimi işləyib, sonra NKVD-də (SSRİ Xalq Daxili İşlər Komissarlığı) xidmət edib.

Anası evdar qadın olub. Atasının işinə görə ailə əvvəlcə Bakıda, daha sonra Arxanqelskdə və ardınca da Həştərxanda yaşayıb.

İnstituta girməzdən əvvəl Vladimir Menşov Vorkutadakı mədəndə, fabrikdə xarrat işləyirdi, Bakıda dalğıc gəmisində dənizçi və həmçinin Həştərxanda Kirov adına teatrın köməkçi heyətində aktyor kimi çalışıb.

1965-ci ildə Moskva İncəsənət Teatrında V.İ.Nemiroviç-Dançenko adına Məktəb-Studiyanın aktyorluq fakültəsini, 1970-ci ildə - Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsində aspiranturanı (Mixail Rommun emalatxanası) bitirib. 

1970-1976-cı illərdə “Mosfilm”, “Lenfilm” və “Odessa” kinostudiyalarında müqavilələr əsasında işləyib.

Vladimir Menşov - Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatıdır.

O, həmçinin “Moskva göz yaşlarına inanmır” (“Moskva slezam ne verit”) filminə görə “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb.

1
oxu.az