İdeal mətn: “İdeal” romanının poetikası, dil-üslub xüsusiyyətləri

13:43 / 27.10.2021
2599

Sovet dövrü romanları içərisində mövzuca indi aktual görünməyən, lakin bədii keyfiyyətlərinə görə diriliyini qoruyub saxlayan az sayda əsərlərdən biri yazıçı İsa Muğannanın “İdeal” romanıdır. Əsərin yaşamağı mətnin dilinin, nitq vahidlərinin orijinallığı, semantik quruluşunun hələ köhnəlib sıradan çıxmamağı ilə bağlıdır. 

Roman bir növ bütün zamanların faciəsini ehtiva edən nəhəng dil hadisəsi kimi yadda qalır. Müəllifin hansı ideyanı, məqsədi izləməsindən asılı olmayaraq, bu mətnin üslub və qrammatikası, zəngin lüğət tərkibi, orijinal təhkiyə bazası sayəsində XX yüzildə bütün dünyanı sarmış stalinizmin mahiyyətini  kifayət qədər anlamaq mümkündür. 

Romanın nitq fondu çoxvariantlı bənzərsiz söz və ifadə qəlibləri, nəqletmə üsulları, monoloq və dialoqlardan təşkil olunubdur. Abzasdan abzasa dəyişən poetik vüsət və fikrin ifadə sistemindəki yeni çalar, xüsusilə obrazın yenidən adlandırılması, epik faktların bir neçə versiyada təqdimi, metonimik xarakterli təsvirlər romanın özəl cəhətləri kimi dəyərləndirilə bilər. 

Əsər qanlı sovet rejiminin hökm sürdüyü ağır sosial-siyasi yaşayış qaydaları fonunda yayımlanan geniş, çoxqütblü informasiyanın əldə edilməsində dolğun tarixi və bədii qaynaq kimi çox əhəmiyyətlidir. O zamankı siyasi hakimiyyətin hansı səviyyədə və hansı metodlarla işləməsi və inzibati-amirlik idarə üslubunun necəliyi barədə gerçəklər sanki analitik araşdırma predmetinə çevrilir, öncə açıq, ardınca qapalı dünyanın sirr və reallıqlarını önə çəkən yazıçı sübut və dəlil kimi əsas etibarilə yaddaşa güvənir və əsaslanır. Bu bədii yaddaşın kökündə müəllifin “qapalı dünya”da haqqında danışdığı “məna ağacı” – “vərəsə” yer tutur. Həmin vərəsəni təmsil edən Əmirli kökənli nəsilin faciəli taleyi elə bil insanlara xəbərdarlıq məqsədilə qələmə alınır, həyat həqiqəti kimi inandırıcı səslənir, ədəbi sitat kimi yadda qalır. Bir xalqın ideoloji məqsədləri naminə koordinasiyalı fəaliyyətin təşkilində Ölkənin Şimal və Cənubunu təmsil edən qardaşların – romanda fəal iştirak edən Mədəd və Sultan Əmirlilərin, haqqında danışılan Şeyx Ağ Əmir, Şeyx Boz Əmirin yer aldığı göstərilir. İndi həyatda olanların yaddaşı ilə tez-tez keçmişə baş vurmaq bədii sözlə tarixə enməyin, onu araşdırmağın bir üsulu kimi hər zaman maraq doğurur. Tarixlə hər hansı ədəbi bağlantı düzgün qurularsa, bu halda qələmə alınanları istənilən vaxt “canlı” seyr etmək mümkündür. “İdeal”ın oxucusunu film izləyən tamaşaçıya bənzətmək olar. Canlı mətn elə bir kod-açarda saxlanılır ki, oxucu o çağın qaranlığından, diktə üslubunda həyat sürən sovet xanədanının təqibindən qurtulmağın namümkünlüyünü öz hiss və düşüncələri üzərindən təqibə başlayır. “Bezobraziye” siyasi sistemin iş mexanizminə elə pərçimlənib ki, onun basqısından bir kəsin xilas olacağına ümid qalmır. 

Əsas olay “Dəli Səmədin”, “Eşq dəlisinin”, sonra da, eləcə Səmədin gözündə, yan-yörəsində, düşüncəsində, heyranlığında, çaşqınlığında, qələbəsində, məğlubiyyətində, ideal axtarışında, ədalət çabalarında nəzərdən keçirilir, sözü keçən rejimin mahiyyəti təkcə təhkiyə və süjetn gücü ilə yox, həm də “cisimlərin dili” ilə açılır. “Lüt Cəfər onu elə orda – kabinetdə, oddan qızarmış dəmir peçin yanındakı nazik taxtda üzünü qəbirlərin, başdaşlarının şəkillərinə söykəyib yatan yerdə tapıb oyatdı. – Qalx, oğlum... Bədbəxtlik olub... Atan avariyaya düşüb, - dedi”. Bu nitq parçasında Cəfərin Səmədi oyatması informasiyasına, yəni mətnin təhkiyə hissəsinə nisbətən “oddan qızarmış dəmir peç, onun yanındakı “nazik taxta”, qəbir və başdaşıları, onların üzərindəki şəkillər, “avariya” daha çox  diqqət çəkir. “Avariya” hadisəsini Lüt Cəfərin “qəribə pıçıltı ilə danışdıqları ilə”, bir neçə adamın “qəsd işi yoxdu” sözləri ilə nəzərə çatdırmaq hadisənin müəmmasını daha da artırır və “qəsd işi yoxdu” kəlməsi əslində “qəsd işi var” bilgisini təlqin etməyə xidmət edir. Bu şəkildə yazıçının qələmində közərib-yanan dil işarələri başqa bir yerdən göndərilirmiş kimi anlaşılan dialoq və təhkiyənin enerjisinə əlavə edildikcə, oxucuda olay yeri və olayın özü barədə bilgi formalaşmağa başladıqca əsərin mütaliəsinə maraq daha da şiddətlənir. 

Yazıçının mövqeyi rejimin tam ifşası niyyətini ifadə etmir və burada hansısa ideal cəmiyyətdə “bezobraziye”nin təsadüfən iş başına keçməsi nəticəsində yaranan sosial konfliktin həlli uğrunda gedən amansız savaşın səhnələşdirilməsi müşahidə olunur. Mətn özü isə coşub-daşan nəhr sayağı  “əvvəlki” məcrasından kənara çıxır. Bu “kənara çıxma”, şübhəsiz, kreativ düşüncənin, yaradıcı enerjinin, qrammatik konstruksiyanın bədii təxəyyüldə bədahətən baş verməsi ilə bağlıdır. Hər bir geniş informasiya, keçmişdə olub-keçənlər yazıçının çox halda qabıqcıqqda yazdığı “xüsusi təyinatlı” ifadələrin sehri ilə yaradılan  yeni bir dil, paradiqma əsasında əldə olunur. “Əmisinin çəkmələri idi, saqqız ağacının altındakı tapdanmış yerdən bir az kənarda xəzəli, çör-çöpü əzə-əzə, ağır-ağır cırıldayırdı”. Bu ağır, zəhmli cırıltının ardınca  “... Səməd titrəyə-titrəyə güc-bəla ilə gözlərini bir an açıb, Sultan əminin boz kitelini gördü. Kitelin sağ-solunda Qonaqlının Qəlyanlı qocalarından Çürük aşıqla, Xızr Abının qaraltılarını gördü. Sonra qaranlıq çökdü”. Boz kitel, çəkmə və qaraltılar – bunlar zamanın sıxıntısını, kədərini ifadə edən sözlər, anlayışlardır. Bu cür “əşya dili” mətni içəridən dilləndirən bələdçi, körükləyici sözlər kimi diqqət çəkir. Sultan Əmirlini kitel əvəz edir, onun əvəzinə danışır, gəlir, gedir, hökmü, hakimiyyəti təmsil edir. 

Yaxud elə Sultana aid edilən “pırpız qaşlar”, “ala gözlər” bir başqa məqamda xüsusi məna ifadə edir. Metonimik anlayış və təhkiyəaltı eyham mətnin ikinci qatı kimi bədii dərketmə prosesini sürətləndirir. Məsələn, Mədəd Əmirlinin ölümü barədə “qəsd işi yoxdu” frazası bir neçə adamın dilində təkrarlanaraq olaya daha çox diqqət cəlb edir və oxucu özü də oxuduqlarına  təhqiqatçı-kriminalist gözü ilə baxmağa başlayır. Əmirli ailəsinə yaxınlığı, həyatda dürüstlüyü ilə tanınan Cəfər əmi Lüt Cəfər deyir, “qəsd işi yoxdur”, daha sonra doğmaca əmisi, idealı Sultan Əmirli də deyir, “qəsd işi yoxdur”. Ancaq ümumi təəssürat bu işin içində qəsd işinin olmağı barədə adamı şübhəyə salır. Bu şəkkin kökündə “NKVD Gülənovun “zaklyuçeniye”si əsas yer tutur. Bu arada yazıçının bu cür gərgin drammatizm şəraitində birdən-birə qardaşoğlu ilə əmi arasındakı keçmiş bir epizodu xatırlatmağı sanki həmin “zaklyuçeniye”nin üstündən keçilməsi istiqamətində alınmış tədbir təsiri bağışlayır. Yaxud romanın ideya planlarına daxil olan həmin təsvirdəki informasiya rejimin sərt xarakterinin daha bir cəhətinin qabardılması işini yerinə yetirir. “Hə, de görək, qardaşoğlu, harda oxuyacaqsan?” Bu onun hər dəfə təkrar elədiyi daimi sualı idi. Səmədin cavabı da daimi idi: “Partiya məktəbində oxuyacam, Sultan Əmirli olacam”. Əmisi ləzzətlə şaqqanaq çəkərdi: “Partiya məktəbinə ağzı qatıqlıları götürmürlər axı, qardaşoğlu. De görüm ağzıyın qatığını necə siləcəksən?” Bu sualın cavabı da çoxdan hazırdı: “Əmimin nəzarəti altında”. Beləliklə, “qardaşoğlu” yenə nəyisə “əmimin nəzarəti altında” edəcəyi barədə qəti mövqeyini ifadə edir və “bişib-bərkiyəcəyəm” deyir və bundan sonra “Səməd Əmirli”nin, “Dəli Səmədin”, bir məqamda “əmisinə düşmən kəsilən “eşq dəlisi” Səmədin bütün həyatı “bişib-bərkiməklə” keçir. Səmədin timsalında sistem insanı “bərk-boşdan çıxarır”, əzir, sıxır, bərkidir və heç vaxt müəyyən tələblərə cavab verən səviyyəyə çatdıra bilmir, çünki sistemin, rejimin funksiyası basqıdan, yayı sıxmaqdan ibarətdir, yayın açılmağı başqa bir zamanın, başqa bir siyasi epoxanın görəvidir. “Zaklyuçeniye” kimi, “Prekratite bezobraziye” də sovet hakimiyyətinin iç üzünü açmağa xidmət eləyir. Raykom katibi kommunist Sultan Əmirlinin yoldaş Stalinin teleqramını stolunun üstündəki şüşənin altında saxlamağı vahid güc mərkəzini  ifadə edir. Tək “teleqram” kəlməsi ölkədəki ab-havanın necə olması barədə rəy yaradır. Nə qədər ki Stalin vardı, “teleqram” (“prekratite bezobraziye”) var idi, Sultan Əmirli də hakimi-mütləqdi, elə ki Stalin öldü, Sultan Əmirli də öldü. “Avariya günü” mətni açmaq üçün işlədilən əsas kodlardan biridir. Həmin gün baş verən qətlin təfərrüatları mətnin içərilərinə doğru yayılaraq keçmiş və gələcək zaman kontekstində insanın içində və çölündə necə amansız bir savaşın getdiyini aydınladır. “Bezobraziye” gecə-gündüz nəfəs dərmədən çalışır, taktika və mövqelərini təkmilləşdirməklə məşğul olur. Siyasi iqlimlər dəyişdikcə ayrı bir libasda, mutasiyaya uğramış halda varlığını sürdürməyə səy edir. Yazıçının sonrakı əsərlərində (“Qəbiristan”) bu, müşahidə edilir. “Prekratite” üslubu demokratiya adlandırılaraq güvənilən yeni texnoloji üsullarla sürdürülür. 

“İdeal”da ayrı-ayrı obrazlar deyil, onların “qaraltıları” (həyulə) iş görür, nitqlər söyləyir, adlardan daha çox ləqəblər yadda qalır, süjetin diriliyinə, dinamikliyinə təkan verir, zamanı, şüuru, ideoloji xətti tipikləşdirir. Digər əsərlərdə bu, yoxdur. “İdeal”dakı bu ləqəbli, ayamalı, ikiadlı dil işləndikcə özünü genişləndirir və bu “genişlikdə” müasir oxucu SSRİ adlı imperiyanın xislətini anlayır, duyur və əlbəttə, bu cür idarəetmə estetikasının vaxtı keçmiş olduğuna inanır. Buradaca qeyd etməliyik ki,  indi keçmiş sovet həyatının xiffətini çəkənlərin sayı az deyil. Əsərin mütaliəsinin daha bir faydalı cəhətinin bu amillə bağlı olduğunu düşünürəm. 

İsa Hüseynovun İsa Muğannaya çevrilməsi “anı” “İdeal”la bağlıdır. Hərçənd çevrilmə prosesi onun ədəbi həyatında daha əvvəl baş verən hadisələrlə bağlıdır, lakin romanın “Qapalı dünya”sı İsa Muğannaya keçidi şərtləndirən məqam kimi diqqətə layiqdir. Əsərin ideyasında sosializmin sabahı və bu kontekstdə, bu ortamda gerçəklərin ortaya çıxacağı ümidi, gözləntisi yer alır. “Saf Ağ” elmi və ona nail olmaq vasitəsi kimi istinad edilən mühit və zaman da sosialist ideyalarıyla bağlıdır. Dünyagörüşündə solçu baxışları ilə fərqlənən İsa Muğannanın yaradıcılığından keçən siyasi xətt tariximizin Nərimanov mərhələsi ilə bağlıdır. Yazıçı xilas yolunu ömrü boyu sosializmin vədlərində axtarıb. Ancaq “İdeal” romanı bir baxışda sozializmin təməl prinsiplərinə rəğbət və ümid ifadə etsə də, əsərin dili, təhkiyə qatı sovet rejiminin, xüsusən Stalin idarəçiliyinin insanlığın məhvinə səbəb olduğunu açıb söyləməkdədir. Müəllifin fərdi qayğıları ilə romanın hörüldüyü dil, paradiqma bir-birini dəstəkləmir. Bu məqamda müəllifi öz işini məharətlə başa çatdıran ipəkqurduya bənzədə bilərik. Sarıdığı, toxuduğu hörgünün içində dustaq taleyi yaşayan yazarın “diqqətdən kənarda qalması” mətnin uğurunu təmin etmiş olur. 

Fikrimzi ayrı cür ifadə etsək, bir aləm “ipək sarıyıb” onun içində özünü dustaq edən yazıçıdır İsa Muğanna. Müəllifin gözlə görünən təhkiyə taktikası yeni dil, nitq, fikir strategiyasına geniş meydan açır. Belə mətn cəlbedici olur, cazibəsinə çəkib gətirdiyi oxucunun heyranlığına səbəb olur. Mətnin sonuna doğru az-az yada düşən müəllif mövqeyinin də tədricən dəyişikliyə uğradığı üzə çıxır, sanki qeyri-adi sehri ilə mətn müəllifə təzyiq edir və onu “zərərsizləşdirir”, ancaq “saf ağ” elmi ilə, sosialist ideologiyası ilə bağlı yazıçının fikir və düşüncələri onun sonra yazacağı əsərlərin də əsas qayəsi olaraq qalır. Onun “ideal”ları Azərbaycanın müstəqillik tarixi dövründə önə çıxan milli və ideoloji dəyərlərdən, türkçülük konsepsiyasından yan keçir kimi görünsə də, “qapalı dünya”da “məna ağacı” kimi səciyyə olunan dünyanın həqiqi tarixində türk kökünün əzəli qaynaqlarından söz açılır. Hər halda gedən sosial çalxalanmalara, necə deyərlər, “Marksın qayıdışı”na, bu gün dünyada sosializmin hələ yaşadığına, solçu fəlsəfi baxışların varlığına nəzərən dünyada yarana biləcək yeni iqtisadi-siyasi düzən şəraitində “ideal”ların hələ uzun müddət tematik aktuallığı barədə nəzəri mülahizələr söyləmək mümkündür. 

Dövlətçilik tariximizdə çoxdan konseptuallaşan Azərbaycançılıq ideologiyası istiqamətində yazıçının tarixin qaranlıq məqamlarından söhbət açmağını da diqqətə almaq lazımdır. “İdeal” romanında Azərbaycanın Cənubu ilə Şimalı arasında vahid bağ, əlaqə axtarışları “Qapalı dünya”nın sirlərinə marağı artırmaya bilməz. 46-cı ilin dəhşətli hadisələri ilə səsləşən tariximizin, ən azı, öyrənilməsinə, ayrı bir aspektdə təhlil edilməsinə bu roman ipucu vermiş olur. Digər “sosialist təmayüllü” romanları ilə müqayisədə İsa Muğannanın dil-təhkiyə, nitq-kompozisiya quruculuğundakı ədəbi islahatçılığı “İdeal”da daha parlaq nəticə ilə yekunlaşır. Sonrakı romanlarında bu yeni nəsr yaradıcılığı sahəsindəki cəhdləri xeyli dərəcədə zəifləyir və müəllif şəxsi “öncəgörmələrinin” girovuna çevrilir. Tarixi gerçəklik fonunda “İdeal”dakı bədii təxəyyülün etibarlılıq yarlıkı digər bu tipli əsərlərində əhəmiyyətini itirir. “İdeal”da qabıqcıqda verilmiş, fikir-ideya yükünü çəkib daşıyan parlaq orijinal adlar, ifadələr, məsələn, “Qəbiristan”da bu vasitələrin əvvəl yerinə yetirməyə müfəffəq olduğu işləri daha icra edə bilmir. “İdeal”dakı poetik vüsət, lirik ovqat yazıçının başqa heç bir əsərində insanı bu qədər vəcdə gətirmir. “Qarayanıq göz qapaqları titrədi, çal, pırpız qaşlar düyünlənib daha da pırpızlaşdı. Həmin bu anda da yastı balabanın bəmi cürənin cingiltili zilinə qarışıb qarmon səsinə çevrildi. İllərin uzaqlığından bir sehir gəldi, Səmədin ürəyini ovcuna alıb apardı. Bu sehir “Zarıncı” idi. O “Zarıncı” ki hamının, o cümlədən Səmədin də pislədiyi “Gəzəyən Şənbə”nin barmaqlarından çıxmışdı, qara geyimli, göy örtüklü gəlinləri ağlatmışdı. O “Zarıncı” indi Çürük aşıqla Xızr Abının barmaqlarından çıxırdı.

Aşxana, kababxana künclərində “lotu-potu üçün çalan”, “gündə bir kişinin altında uzanan” o bədnam Gəzəyən bu sehri hardan alırdı?! 

Bir ayaqları gorda olan bu quru-taqqanaq qocalar bu sehri hardan alırdılar?!” Bu yerdəcə adamın ağlına gəlir ki, yazıçı da belə bir unikal əsərin yazılmasında böyük bir sehrə sahib idi. 

Əsərdə ta öncədən “zatı-kökü” bəlli bu qədər məşhur personajın, bəlli mühitin geniş dil-nitq arealında yenidən saf-çürük edilməsi oxucunu məmnun edir.  

Lakin “Qəbiristan” romanı həm dil faktı kimi, həm də ideya qaynağı kimi Yerlə Göyü daha vahid bir informasiya məkanı kimi təsvir edə bilmir. Yazıçı hətta tariximizin müstəqillik dövrü illərindən dilimizdə kök atmış “bəy” kəlməsini də ironiya ilə qabıqcıqqda yazmaqda “çətinlik çəkmir”. Başqa sözlə desək, İ.Muğanna Göy qatından Yer qatına enir, çağdaş milli iqtidar – müxalifət söz-söhbətlərinin girovuna çevrilir. “Saf Ağ” elmi namı ilə bəhs edən əsərləri içərisində təkcə “İdeal” romanı yazıçı İsa Muğannanın  başı üzərindən təlqin edilir kimi, ilahi bir sehrin istəkləri ilə səsləşir kimi görünür. Daha düzü, bu əsərin poetikası vəcd və ilham anında qələmə alındığı təsiri oyadır. “Gur Ün”də də “vəhy” davam edir və yaxşı ki orada idealın yönü daha dəqiq şəkildə müəyyən olunur. Bu mətnin sonunda bəlli olur ki, ideal ayrı-ayrı şəxslərlə, şəxsiyyətlərlə deyil, qədim və böyük bir tarixlə, elmlə bağlıdır. 

Yenə “İdeal”a qayıdaq. 

“İdeal” yazıçının heç vaxt yazıb bitirə bilmədiyi, necə deyərlər, yazdıqca gözü doymadığı bir mətndir. Bu fikri romanın oxucusuna da aid etmək olar. Romandakı təsvirlər canlı tarixin özü qədər təbii və inandırıcıdır. Belə ki, əsərin əvvəlki variantlarından oxucuya tanış obrazlar, bəlli səhnələr yorucu, bezikdirici deyil, çünki “bərpa-dizayn” işlərinin tamamlanması istedadla, sənətkar ustalığı ilə yerinə yetirilibdir. Buna görədir ki, dövr, zaman, siyasi rejimin avtoritar idarə isulu ölkənin, onun adamlarının hər halından bəlli olur. Yəni müəllifin rəqəmsal açar-kod əməliyyatı mətnin taleyini tarixin qarantiyasına etibar etməyə kömək edir. Bu mətnin qurulmasında ən müasir danışıq vasitələri, neotexnoloji kommunikasiya işə salınır. Bilgi və faktların bolluğunda yoruculuq yoxdur, çoxvariantlı bilgi çaşdırmır, əksinə mütaliə əsnasında unikal bir yaddaşın daşıyıcısına çevrilir. “Zirehlənmiş” sözlərdən ardı-arası kəsilməyən obraz sistemləri formalaşmağa başlayır. Məsələn, “Bezobraziye” yarlıkı ta əsərin ilk səhifələrindən mətnin məzmun və problematikasının aparıcı lekseminə cevrilir. Rejim qanun-qaydaları şəraitində “bezobraziye”nin qol-qanad açması təbii görünür və həmin “bezobraziye” kəlməsinin rəhbərin teleqramı ilə üzə çıxması bu ifadənin əsər boyu hər dəfə səslənişinə xüsusi diqqət yönəltməyə kifayət edir. Çünki cəmiyyət özünü qanun şəklində yox, şəxsiyyət, kult səviyyəsində tanıyır və tanıtdırır. 

Dantes Qeybalının “Biyabanda qaratikan da tabedi sədr oğluna, əmr eləyəndə gül bitirir” sözlərini misal gətirə bilərik. Bu elə bir sistemdir ki, raykom katibini istəyəndə “yarımallah”a, istəyəndə “arşınmalçı”ya çevirə bilir. Mövqe və ehtirasların barışmazlığı, drammatizmin, konfliktin qaynarlığı şəraitində roman könülləri ram, idrakı fəth edir, tam fərqli bir ezop dili ilə məsələni sakitcə anladır. “Çax-çuxun üzü qara məxmər kimi işıldayırdı. Gözləri bir cüt Çin fənəri idi”. “Çin fənəri”, “kitayski makentoş” da, “Çax-çux”, “uzun, qara adam”, “qara məxmər üz”, “qara həyulə”, “tüstülü kupe” də kişmiş alverçisi Xalıqa aid olan tanıtım kimi yaddan çıxmır, onun obrazını müxtəlif yönlərdən aydınlaşdırmağa xidmət edir. Təkcə adam adları deyil, “kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan ev” Səmədin qayğısız, xöşbəxt günlərini, “ağ tuf daş bina” siyasi gücü, hakimiyyəti, “qapağının hər küncündə bir mismar işıldayan tabut” sirli ölüm hadisəsini, ümumilikdə dövrün müəmmalı qətllərini simvolizə edir, yaxud bu cür və digər şifrəli-açarlı nitq kompetensiyaları dərketməni stimullaşdırır, insanın məişət və dünyagörüşünü müşahidə etmək, öyrənmək baxımından əsəri mütaliəyə marağı artırır. İsa Muğannanın personajlarının başdan-başa, demək olar ki, ikinci bir adla, onların ləqəbləriylə təqdim edilməsi romanın məzmununu daha tez qavramağa kömək etməklə yanaşı, obrazın tanınmasında və onun arzu və yaşantılarının duyulmasında əvəzsiz rol oynayır. Bu, yazıçının böyük uğurudur, çünki iti fəhmlə tapılmış ikinci ad, yəni “ləqəb” deyilən söz insanın şəxsi bioqrafiyasını ayrıca söyləməyə yer qoymur. Ləqəb şəklində hazırlanan söz və ifadələr başqalarının gözü ilə görünən, bilinən, başqalarının dünyaduyumunda bəlirlənən reallıqların dərkini təmin edir. Raykomun işçisi Məsim Qudalı barədə bircə kəlmə - “Əfəl Məsim” bəs edir ki, insanın bacarığı, xarakteri barədə fikir yarana. O cümlədən, Çax-çux Xalıq, Xəlvət Rəhim, RİK Ağamalı, Qaraçı gözəli, Pers, Cəfər əmi Lüt Cəfər, Dam direktor Ələsgər müəllim, Xaş Nəçənnik, Göbələk (Məmiş), Qarmonçu Gəzəyən Şənbə, Təftiş Abbas (hələ onun qardaşı “Pisar Tağı”), bu sırada tarixin xronikasını yaradan ədəbiyyat nümunəsi, bədii nitq elementi kimi çox dəyərlidir. O zamanın məişət və psixologiyasını göstərən “yaiçniy paraşok”, “buxanka çörək”, “tuşonnu myasa”, “squşonnu malako” ifadələri də əsərin “südlü”, “yağlı”, koloritli cəhətlərindən xəbər verir. Bir də, adamda elə təsəvvür yaranır ki, “İdeal” adıyla yazıçı sanki yazılı ədəbiyyatın müasir “Xeyir və Şər”ini yazıbdır. Bu xeyir, şər təmsilçilərinin kim olmağından asılı olmayaraq, “İdeal”ı hər zaman mütaliə etməyə dəyər.

Zakir Məmməd / Hit.Az

0