Filminə qadağa qoyuldu, ağır xəstəliyə tutuldu, ölüm ayağında heç kimi görmək istəmədi...

MƏDƏNİYYƏT
21:00 / 10.05.2022
2698

HİT.az kulis.az-a istinadən böyük aktyor, Xalq artisti Şahmar Ələkbərov haqqında on maraqlı faktı təqdim edir.

Şahmar Ələkbərov Gəncədə anadan olub. Atası Zülfüqar kişi Cəbrayıldan, anası İzulət xanım Tiflisdəndir. 9 yaşı olanda Şahmar ailəsi ilə birgə Gəncədən Bakıya köçür. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Bundan sоnra məşhur sənətkar Adil İsgəndərov оnu kinostudiyanın nəzdində özünün yaratdığı "Kinо aktyоrluğu" studiyasına dəvət edib.

Həyat yoldaşı teatrşünas Kəmalə xanımla teatrda tanış olublar. Kəmalə xanım Şahmarın iştirak etdiyi bütün tamaşalara baxırmış. Şahmar Kəmalə xanıma elçi göndərəndə valideynləri qızlarının aktyorla ailə qurmasına razı olmurlar. Dörd ildən sonra o, yenidən elçi göndərir. Kəmalə xanımın nənəsi əslən şuşalı idi. O, elçi göndərən oğlanın da qarabağlı olduğunu biləndə, nəvəsinin “hə”-sini verir. Bu evlilikdən onların əkiz qız övladları doğulur.

***

1989-cu ildə Elçinin "Toyuğun diri qalması" povesti əsasında ssenarisini yazdığı "Sahilsiz gecə" filmini çəkdi. Film çox az müddətə çəkildi. Hazır olanda çox ciddi münaqişələr yaratdı. Səbəb müharibə dövründə qadınların həyatında bəzi məqamların göstərilməsi idi. Studiyanın qarşısına toplanan qadınlar piket keçirir, filmi ləğv etdirmək istəyirdilər. Bu film ekrana çıxdığı gündən böyük mübahisələr doğurdu. “Azərbaycan qadınının keşiyində duran” bəzi şəxslər Şahmar Ələkbərovun ekran işini “daş-qalaq etdilər”. “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itdi.

Həmin filmdə erməni Roza rolunun ifaçısı, Xalq artisti Nuriyyə Əhmədova müsahibələrinin birində deyir:

“Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət var, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin əli varmış. Əslində, filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı.”

Filmin sonrakı taleyi Şahmara çox pis təsir edib. O, kino sahəsində həm aktyor kimi, həm də rejissor kimi böyük sarsıntılar keçirir. Sonralar nəvəsi Şahmarda aktyorluq potensialı görsələr də, ailə üzvləri onun incəsənət adamı olmasına qarşı çıxırlar.

***

Tanıyanların dediyinə görə, çox ailəcanlı adam olub. Əkiz qızlarını həddindən çox sevib. Onların hər iksinin toyunu bir gündə o vaxtkı “Abşeron” mehmanxanasının restoranında edib.

Şahmar Ələkəbərov yaşının ən gözəl, yaradıcılığının ən məhsuldar vaxtında xəstələnir. Düz yeddi il bu əzab-əziyyət davam edir. Hər şey "Firəngiz" filminin çəkilişlərindən başlayır. Daha doğrusu, aktyor filmin çəkilişindən əvvəl stomatoloqa gedir, burada onun dili zədələnir. Filmin çəkilişlərində soyuqladığı üçün dilindəki əzik xoraya çevrilir. Şahmar mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözür. Xəstəliyinin ağır günlərində ən yaxın dostlarının belə onunla görüşməsinə, onu xəstə vəziyyətdə görməsinə razılıq verməyib. 1992-ci ilin qışında onu Hamburqa aparırlar. Orada ona heç nə deyilməsə də, ailəsinə bu xəstəlik qarşısında tibbin gücsüz olduğu bildirilir. Ailə üzvləri Şahmarı yenidən Bakıya gətirib xəstəxanaya yerləşdirirlər ki, əlacsız olduqlarını başa düşməsin.

Ömrünün son illərində onda meyxanaya maraq yaranır. Hətta meyxana teatrı da yaratmaq istəyir. Ailə üzvləri hesab edirlər ki, onun teatrdan kinoya keçid etməsi səhv addımdır. Çünki xarici görünüşü, yaradıcı potensialı, səsi teatr üçün idi.

***

Kinoda daha çox müsbət rollar ifa edib. Yeganə mənfi rolu "Atları yəhərləyin" filmindəki İbrahimdir. Amma kinoda da aktyor kimi tam istifadə olunmadı. Məsələn, "Ad günü" filmində baş rola dəvət olunmuşdu, sınaq çəkilişlərində də iştirak etmişdi, amma nədənsə, Əli obrazı gürcü aktyoruna qismət oldu.

Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu, məşhur qəzəlxan Əliağa Vahidin ekran obrazını yaratmaq idi. Günlərin birində Şahmar Ələkbərov öz ssenarisi əsasında "Qəzəlxan"ı çəkməyə başladı. 1990-cı il idi. O, xəstə vəziyyətdə işləyir. Baş rola gənc aktyor Loğman Kərimova dəvət edir. Çəkilişlər dayanmadan gedirdi, hər şey öz qaydasında idi. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar Ələkbərov filmi iki hissədə çəkməyi qərara alır. 1991-ci ildə isə film ekranlara çıxır. Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini görə bilmədi. Uzun sürən əzab-əziyyətdən sonra görkəmli kino xadimi, Xalq artisti 12 avqust 1992-ci ildə 48 yaşında dil xərçəngindən vəfat etdi.

0