SƏNƏT
12:07 / 28.06.2022
1638

Nazirdən yeni təyinat

Qax Dövlət Kukla Teatrına direktor təyinatı olub.

Mədəniyyət Nazirliyindən HİT.az-a verilən xəbərə görə, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Seymur Namazəli oğlu Vəliyev (Seymur Elsevər) teatra yeni rəhbər təyin edilib.

Seymur Vəliyevi kollektivə İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Könül Cəfərova və həmin sektorun məsləhətçisi Günay Hümbətova təqdim edib.

Seymur Elsevər 1970-ci ildə Bərdə rayonunda anadan olub. 1992-ci ildə Bakı Mədəni-Maarif Texnikumunu rejissor, 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) teatrşünaslıq ixtisasları üzrə bitirib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarında, habelə Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb.

Eyni zamanda müxtəlif mətbuat və teleradio qurumlarında fəaliyyət göstərib. Mədəniyyət və incəsənətin bir çox sahələri, o cümlədən teatr sənəti ilə bağlı yüzlərlə məqalə, resenziya, oçerk, müsahibə, portret yazıları, ssenari və verilişlərin müəllifidir.

ADMİU-da ədəbi iş və ekran dramaturgiyası, kino tənqidi, kino tarixi və s. fənləri tədris edib. “Media açarı” və “Qızıl qələm” mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.

0