1988-ci ilin yay aylarında Moskva sakinləri və turistlər şəhərin mərkəzində maraqlı bir hadisə ilə üzləşiblər.
“Mən kommunistlərlə birgə yaşamaq istəmirəm” şüarını sinəsindən asan şəxs yoldan keçənlərin diqqətini cəlb edib. Bir neçə dəqiqədən sonra kommunistlərə etiraz edən şəxsi milislər saxlayaraq Moskva şəhər Milis İdarəsinə aparıblar. Məlum olub ki, etirazçı məşhur aktyor və rejissor Leonid Bıkovun oğludur. Araşdırmalardan sonra o da məlum olub ki, Aleksey Bıkovun psixoloji durumunda problem var və yaşadığı Kiyev şəhərində psixiatriya xəstəxanasında şizofreniya xəstəliyi ilə rəsmi qeydiyyatdadır. A.Bıkov milis idarəsində bir gün saxlanıldıqdan sonra onu Kiyevə göndəriblər.
Aleksey Bıkovun mövcud rejimə etirazı bir günün, bir ilin etirazı olmayıb. Bu etirazın kökündə uzun illərin başqa hadisələri dayanıb. Əslində aktyorun oğlunda hər hansı bir xəstəlik də olmayıb...
1950-ci illərin sonunda Leonid Bıkov SSRİ-də tanınan aktyorlardan biri sayılıb. 1960-1970-ci illərdə isə onun populyarlığı pik həddə çatıb. Aktyorun qızı Maryana atasının məşhurluğu haqqında xatirələrini belə bölüşüb:
“Atamın populyarlığı o həddə çatmışdı ki, o, sərbəst hərəkət edə bilmirdi. Biz atamızla birgə gəzməyə çıxmaqdan məhrum olmuşduq. Hətta az hərəkət olan küçələrdə belə adamlar, atamın pərəstişkarları onu sakit buraxmırdılar. “Döyüşə ancaq qocalar gedir” filmindən sonra isə bu məşhurluq birə-beş artmışdı...”
Qeyd edək ki, ukraynalı Leonid Bıkov 1928-ci ildə Donetskin Znamyonka kəndində anadan olub. 1930-cu ildə ailə Kramatorsk şəhərinə köçüb, Bıkov orta təhsilini bu şəhərdə alıb. Həmin şəhərdəki mədəniyyət evində keçirilən tədbirlərdə Bıkov fəal iştirak edib, səhnəciklərdə rol alıb.
Sovet-alman müharibəsi başlananda Bıkovlar ailəsi Barnaula təxliyə edilib. Bıkov uşaqlıqdan təyyarəçi olmaq istəyib. 1943-cü ildə o, sənədlərini Altayda təyyarəçilər məktəbinə verib. Boyunun kiçik olmasına görə onu məktəbə qəbul etməyiblər. İkinci dəfə arzusunu reallaşdırmaq üçün Bıkov Leninqrad Hərbi Təyyarəçilər Məktəbinə sənəd verib və qəbul olunub. Amma bu məktəb müharibədən sonra ləğv edilib, Bıkovu isə başqa məktəbə köçürməyiblər.
Bu cəhdlərdən sonra Bıkov təyyarəçi olmaq arzusundan vaz keçib və Xarkov Teatr İnstitutuna qəbul olunub. İnstitutu bitirdikdən sonra o, Şevçenko adına Xarkov Dövlər Akademik Teatrına təyinat alıb, 1959-cu ildən isə fəaliyyətini aktyor və rejissor kimi Leninqradda “Lenflim”də davam etdirib. Bıkovun hər çəkildiyi və özünün hər çəkdiyi film ona böyük uğur gətirib.
1969-cu ildə Bıkov Dovjenko adına Kinostudiyadan təklif alaraq Kiyevə köçüb.
Bıkov tələbə olarkən kurs yoldaşı Tamara Kravçenko ilə ailə həyatı qurub. Cütlüyün Aleksey adlı oğlu, Maryana adlı qızı dünyaya gəlib.
Ailənin heç bir problemi olmayıb, hansı şəhərdə yaşayıblarsa, mənzillə təmin ediliblər, kifayət qədər maddi gəlirləri olub, Bıkov həmin dövrdə çoxları üçün əlçatmaz sayılan “QAZ-24” avtomobilinə sahib olub. Bütün problemlər aktyorun oğlu Aleksey hərbi xidmətə gedəndən sonra başlayıb.
Alekseyin xidmət etdiyi hərbi hissənin komandanlığı oğlunun vasitəsi ilə Leonid Bıkovu hərbi hissənin şəxsi heyəti ilə görüş keçirməyə dəvət edib. Bıkov dəvətdən imtina etməyib. Hissənin klubunda maraqlı görüş keçirilib, hətta televiziyada da bu görüş haqqında məlumat verilib. Görüşdən sonra aktyor ziyafətə dəvət olunub. Bıkov ziyafətdən də imtina etməyib. Amma ziyafətdə onun qədəhinə içki süzüləndə o, bundan imtina edib. Sərxoş zabitlərin aktyorun bu hərəkətindən xoşları gəlməyib. Bu dəfə hər şey sakitliklə ötüşüb.
Hərbi hissədə “Döyüşə ancaq qocalar gedir” filmi nümayiş ediləndə hissənin komandiri filmin baş rolunda oynayan Bıkovu ikinci dəfə hərbi hissəyə dəvət edib.
Film sona çatdıqdan sonra Bıkov çəkiliş zamanı baş verən hadisələrdən, filmin necə ərsəyə gəlməsindən şəxsi heyətə maraqlı məlumatlar verib. Tədbirdən sonra yenə də hərbi hissədə Bıkovun şərəfinə ziyafət verilib. Aktyor bu dəfə də içkidən imtina edərək ziyafəti yarım saatdan sonra tərk edib. Bıkov getdikdən sonra mayor rütbəli zabitlərdən biri onun oğluna sərt şəkildə iradını bildirib:
“Bu aktyorlar artıq qudurublar. Havayı pul onları harınlaşdırıb, özləri qudurğan, arvadları isə fahişədir...”
Bu sözü eşidən Aleksey zabitə “siz mənim komandirim olmasaydınız, mən sizin başınızı üzərdim” deyə cavab verib. Bu cavabdan sonra bir neçə zabit Alekseyi araya salaraq möhkəm döyüblər. Sərxoş zabitlər ayıldıqdan sonra anlayıblar ki, bu hadisə onlar üçün problem yaradacaq. Onlar yaxşı biliblər ki, yuxarılara əli çatan Bıkov bu məsələni sakitliklə qarşılamayacaq. Problemdən qurtarmaq üçün zabitlər hərbi dairənin hospitalındakı həkim dostlarını işə cəlb ediblər. Həmin gün Alekseyi hospitala aparıblar. Üç gün ərzində Alekseyin psixoloji durumunda problem olduğu aşkarlanıb, hətta ona ən ağır şizofreniya diaqnozu qoyulub. Bir həftədən sonra hərbi hissəyə qayıdan Aleksey xəstəliyi ilə əlaqədər hərbi xidmətə yararsız sayılaraq ordudan tərxis olunub.
Leonid Bıkov dəfələrlə hospitala gedərək oğlunun tam sağlam olduğunu bildirib. Aleksey yenidən müayinəyə göndərilib, “qarşılıqlı pul anlaşması” sayəsində həkimlər biri-birlərini müdafiə edərək Alekseyin diaqnozunu təsdiqləyiblər. Bu gərgin vəziyyətdə Bıkov infarkt keçirib.
Aleksey ordudan tərxis olunduqdan sonra onu işə qəbul etməyiblər. Hətta atasının xahişləri də nəticəsiz qalıb. Şizofreniya diaqnozu bütün qapıları Alekseyin üzünə bağlayıb.
Aleksey bir neçə dəfə Mərkəzi Komitəyə məktubla müraciət edərək SSRİ-dən xarici ölkəyə kömək xahişini edib. Bu xahişlərə də məhəl qoyulmayıb. Bu problem ailədə böyük gərginliyə səbəb olub.
1979-cu ildə Leonid Bıkov idarə etdiyi şəxsi “Volqa” avtomobilində qəzaya uğrayaraq həlak olub.
Aktyorun ölümü ailə üçün yeni problemlər yaradıb. Alekseyin işsizliyi, aktyorun ölümü ailənin maddi durumuna mənfi təsir göstərib.
Digər bir tərəfdən Alekseyin dəfələrlə xaricə köçmək üçün rəsmi müraciətləri yuxarıların ailəyə münasibətini dəyişib. Heç kim Bıkovlar ailəsinə kömək etmək istəməyib.
Nəhayət, ehtiyac içində yaşamaqdan bezən Aleksey yuxarıda qeyd etdiyimiz kimi, sinəsinə kommunistlərin əleyhinə şüarlar asaraq Moskvanın küçələrinə çıxıb. Bunlar da nəticə vermədiyi halda o, ölkədən gizli yolla qaçmaq haqqında düşünüb.
1991-ci ildə Aleksey Kiyev-Lvov qatarına bilet alıb. Qatar Tisa çayının yaxınlığından keçəndə Aleksey qatardan tullanıb, çayı keçerək Ukraynanı tərk edib.
Artıq bir neçə aydan sonra Aleksey öz doğmalarına Avstriyada olması haqqında məlumat verib. O, həmçinin tam sağlam olması haqqında tibbi arayışları da yaxınlarına göndərib, işə düzəldiyini də bildirib. Bir neçə ildən sonra isə Aleksey Kanadadan sığınacaq istəyib. Müsbət cavab alaraq Kanadaya köçüb.
Kanadaya köçdükdən sonra mətbuata verdiyi müsahibələrin birində o, sovet cəmiyyətini sərt tənqid edib:
“Sovet cəmiyyətində normal yaşamaq mümkün deyil. İnsanları sıradan çıxarmaq üçün kommunistlərin yetərincə üsulları var. Bu cəmiyyət yaratdığı süni problemlərlə atama 2 dəfə infarkt bəxş etdi. Milyonların sevimlisi olan Leonid Bıkovu kommunistlər məhv etdilər...”