Gülnarə Xəlilovanın \"Qarabağ\" və \"Xarıbülbül\" kolleksiyaları təqdim edildi - FOTOLAR

11:56 / 24.08.2022
2013

"Kazan Kremlin" Muzey-Qoruğunda tanınmış modelyer - dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın "Qarabağ" və "Xarıbülbül" adlı kolleksiyaları böyük uğurla nümayiş olunub.

Hit.az xəbər verir ki, dəfilə Kazanda (Tatarıstan, Rusiya) ikinci Etno-Fashion-Xalq yaradıcılığı və Dekorativ-Tətbiqi İncəsənət Festivalı "Həyat tərzi - mədəni Kod" çərçivəsində keçirilib. Kolleksiyalar XVII-XIX əsrlərin tarixi binalarında təqdim olunub.

"Azərbaycanı dünya podiumlarında, xüsusən də indi bizim gözəl Qarabağımızı təcəssüm etdirən və Şuşa ilində bu cür kolleksiyalarla təmsil etmək mənim üçün böyük şərəfdir. Məlum olduğu kimi, Xarıbülbül çiçəyi Şuşa və Qarabağla ayrılmaz bağlıdır, sevgi və sülh rəmzidir, Azərbaycanın talismanı, 44 günlük Vətən müharibəsində Qələbənin milli rəmzidir. Sevindirici haldır ki, kolleksiyaların nümayişi qonaqların böyük marağına səbəb olmuş və böyük uğurla keçmişdir. Səfər çərçivəsində gələcək əməkdaşlıq və birgə layihələrin reallaşdırılması istiqamətində də bir sıra işgüzar görüşlər keçirilib", - deyə Gülnarə Xəlilova bildirib.

Festival Rusiya Sənaye və Ticarət Nazirliyinin, Tatarıstan Respublikası hökumətinin, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin və Avrasiya etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunub. Bu il festivalda Rusiya, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdən 50-yə yaxın tanınmış dizayner iştirak edib, yaradıcılıq görüşləri və ustad dərsləri keçirilib. Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilirdi.

0