Oktyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı keçiriləcək. Akademik Milli Dram Teatrında keçiriləcək tədbirdə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.
Yazıçı Əkrəm Əylisi Qaynarinfo-ya müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin qurultayı barədə fikirlərini bölüşüb. Birliyin üzvü olmayan yazıçı bu səbəbdən qurultayda iştirak edə bilməyəcəyini bildirib.
- Əkrəm müəllim, Yazıçılar Birliyinin növbəti qurultayından nə gözləyirsiniz?
- Mən qurultayın işinə qarışmayacağam. Buna səbəb var. Çünki uzun illərdir Yazıçılar Birliyinin üzvlüyündən çıxmışam. Üstündən uzun illər keçib, amma bu müddətdə bir dəfə də ayaq basmamışam. Qurultayın işinə kənardan baxmaq istəyirəm. Bir məsələni qeyd edim ki, mən müstəqillik dövrünün yazıçılarındanam. Heç üzvülük vəsiqəsinin üzünü də görməmişəm. Yəni, bu vəsiqəni mənə heç verməyiblər. Görünür, lazım bilməyiblər.
Münasibətlərdə görünən bu idi ki, sovetdən sonrakı Yazıçılar Birliyinin yaratdığı mühitlə razılaşmadım. Onların işindən razı qalmadım, gördüm ki, islahat-zad olmayacaq. Axı Yazıçılar Birliyinin sovet dövründə işlək orqanları var idi. Məsələn, onun Rəyasət Heyəti vardı, bu qurumun razılığı olmadan heç nə etmək mümkün deyildi. Sonra vəziyyət dəyişdi, Allah rəhmət eləsin Sabir Əhmədova, deyirdi ki, "İndiki Yazıçılar Birliyi birlik deyil, katiblər birliyidir”. Uzaqdan baxanda gördüm ki, bu, belə də olacaq, Sabir müəllim düz demişdi. İndi bizə söz düşməz, nə istəyirlər, keçirsinlər.
Yazıçılar Birliyində yaradıcı mühit olmalıdır. Qurumun üzvlərinə yaradıcılıqları üzərində işləmək üçün şərait yaradılmalıdır, istedadlılara yer verilməli, hörmət olunmalıdır. İstedadlı adamların qarşısında lövğalanmaq lazım deyil, onlara yer vermək, irəli çəkmək lazımdır. Mən həmişə istedadlı adama nökər olmağa hazır olmuşam, bunu bilənlər bilir. İndi qurultaya hazırlaşırlar, mən də qurultay haqqında söz tapmıram deyəm. Müsahibələrinmdə Yazıçılar Birliyi ilə bağlı lazım olan hər şeyi demişəm. Demişəm və yenə də deyirəm ki, o mühitdə nə qədər desən, Novruzəli yetişdirmək olar, amma bir nəfər də olsun Mirzə Cəlil yetişdirmək mümkün deyil. Yəni elə bir mühit yaradılmalıdır ki, istedadlı adamlar ora gəlib-getsin. Maddi-təmanna var, düzdür, hamı istəyir ki, dolansın, bir tikə çörəyi olsun. Bunu hamı istəyir. Amma bunu ədəbiyyatın ziyanına yemək olmaz. Bu qədər vəsaitlər ayrılır. Maddiyat pis deyil, nə yaxşı ki, jurnallar çap olunur. Bu jurnallar çıxmaya da bilərdi, amma buna şükür edək.
- Yazıçılar birliyinin sədri Anar Rzayevin quruma xidmətini necə dəyərləndirərdiniz?
- Anarın xidməti ondan ibarət oldu ki, bu adam öz avtoritetinin hesabına Yazıçılar Birliyinə bir sıra imtiyazlar ala bildi. Amma bu imtiyazlar necə oldu? Bu imtiyazları yazıçılara, istedadlı insanlara deyil, elə-belə, hara gəldi, yəni bu təşkilatın saxlanılmasına sərf elədilər. O təşkilat kimə lazım idi? Mənə vacib deyil ki, bu təşkilat var, ya yox. Mənə vacib idi ki, təşkilat hansı simada, hansı hüdudda, hansı əxlaqda və hansı qayğılarla yaşayır? Mənə burası vacibdir. Bu da yoxdur. Bundan sonrakı Yazıçılar Birliyində qaynar yaradıcı mühit olacaqmı? Bunu sonar biləcəyik. Cavan yazarlarımız var və Yazıçılar Birliyindən narazıdırlar. Hər gün də sıraları çoxalır, onların da narazı olmasına səbəb birliyin imtiyazlarından istifadə edə bilməmələridir. Verilən imtiyazlar onların hər birinə çatmır. Bu imtiyazların hamısını götürmək lazımdır.
- Məsələn?
- Sovet ölkəsi təzəcə yıxılanda hamı bir ağızdan deyirdi ki, "Xalq şairi”, "Xalq yazıçısı” fəxri adlarını yığışdırmaq lazımdır. Amma sonar hamısı elə dördəlli yapışdılar ki, bu adlardan! Mənə elə gəlir, bunlar da vaxtı çatmış məsələlərdir. Gərək bunlar həll olunsun. Fəxri adlar lazımdırmı? Mən bir zamanlar klassik yazıçılara dedim ki, gəlin yazaq, "Azərbaycan SSR-in Xalq yazıçısı”… Bir haray-həşir saldılar, kollegiyanı yığmaq istədilər, mənə qarşı böyük hücumlar başladı. İndi nə oldu? Hansı adamlar ki, dedi ki, "Yox, sən nə danışırsan, bizə belə ad lazım deyil” indi bu adlar onalara şirin-şəkər oldu.