İrəvan Teatrı nə vaxt açılacaq? - "Biz də gözləyirik”

MƏDƏNİYYƏT
12:12 / 01.05.2023
653

2019-cu ildə əsaslı təmirə dayanan İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasında görülən işlər hələ tam olaraq başa çatmayıb.

Bu barədə HİT-az-a açıqlamasında teatrın Baş rejissoru, Əməkdar artist Sərvər Əliyev deyib. Onun sözlərinə görə, teatrın binasında aparılan işlər demək olar ki, yekunlaşıb:

“Səhnədə təkçə işıqlar yoxdur. Teatr əslində yanvar ayında açılmalı idi. Sonra dedilər mart ayında açılacaq. Mart da bitdi, hətta aprel də. İndi ümumiyyətlə heç maraqlanan yoxdur”.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev isə bildirib ki, binanın nə zaman təhvil veriləcəyi ilə bağlı konkret məlumat  yoxdur:

“Təmir işləri sona yaxın mərhələdədir. İşlər tam yekunlaşmayıb. Biz də gözləyirik”.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, teatr binasının əsaslı təmiri və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.21.1-ci yarımbəndində göstərilmiş 2 milyon manat vəsait Mədəniyyət Nazirliyinə ayrılıb.

Azra

0