"Milli Kitab Sərgisi beynəlxalq kitab sərgisinə çevriləcək” - Şahbaz Xuduğolu

MƏDƏNİYYƏT
13:16 / 12.05.2023
752

“Mahiyyət etibarı ilə Milli Kitab Sərgisi olsa da, bu tədricən beynəlxalq kitab sərgisinə çevriləcək”.

Bunu HİT.az-a açıqlamasında Qanun Nəşrlər Evinin müdiri Şahbaz Xuduğolu Milli Kitab Sərgisindən danışarkən deyib. O bildirib ki, sərgidə bir neçə xarici ölkənin səfirlikləri iştirak edəcək:

“Azərbaycanda ilk dəfə İcəri Şəhərdə kitab sərgisi keçiriləcək. Sərgi davamlı olacaq. Qoşa Qala qapısından başlayan sərgi İçəri Şəhərin müxtəlif yerlərini əhatə edəcək. Kitabla bağlı çoxlu tədbirlərin keçiləcəyi gözlənilir. Tədbirin üstünlükləri xarici qonaqların, səfirliklərin nümayəndələrinin olmasıdır. Onlar öz ədəbiyyat mühitləri haqqında Azərbaycan oxucularına məlumat verəcək. Məsələn, Argentina səfirliyi öz yazıçıları ilə onlayın görüş keçirəcək. Bundan əlavə İsrail səfirliyi ilə də görüşümüz olub. Yaponiya səfirliyi də meydanda maraqlı bir tədbir keçirəcək. Beynəlxalq səviyyədə tanınan Con Boyn, Mey Mask, Əhməd Ümid kimi yazıçılar da sərginin qonağı olacaq”.

Şahbaz Xuduğolu Türkiyədən qonaqların daha çox olacağını vurğulayıb: “Onların adları məlum olduqca ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, Bakıda mayın 27-dən iyunun 4-dək kitab sərgisi keçirləcək.

Azra

0