"Adil Kərimli ilə Azərbaycan kinosunun problemlərini müzakirə etdik".
Bunu HİT.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov mədəniyyət naziri Adil Kərimli ilə görüşündən danışarkən deyib. Aktyor nazirlə yükək səviyyədə görüşü olduğunu bildirib:
“Cavan oğlandır, hiss olunur ki, işləməyə həvəslidir. Məqsədi Azərbaycan kinosunu bərpa etməkdir. Dövlət səviyyəsində tapşırıq var, kino istehsalı bərpa olunacaq. Bunun üçün bütün təkliflərimizi dedim, hamısını bir-bir qeyd etdi. Adil Kərimlinin dəstəyi ilə bu məsələlər mərhələ-mərhələ həllini tapacaq və icra olunacaq”.
Əbdül Mahmudbəyov deyir ki, bir il müddətinə kino sahəsində yeniliklər görəcəyik:
“Yenidən filmlərimiz çəkiləcək, mövzular da veriləcək, müsabiqələr keçiriləcək. Kinoya yüksək səviyyədə dəstək lazımdır, kinostudiya yenidən qurulacaq, maddi-texniki baza yenilənməlidir. Kadrlar məsələsi həll olunmalı və kinonu bilən mütəxəsislər bir arada toplaşmalıdır. Kino Akademiyasının da açılması gözlənilir, Bədii Şuradan tutmuş Məsləhət Şurasına kimi yaradılacaq".
Əbdül Mahmudbəyov bu günə kimi efirlərdə nümayiş olunan serialların da sonunun gələcəyini xatırlatdı:
“Həmin serialların və prodakşınların bizə aidiyyatı yoxdur, nə istəyirlər çəkirlər. Bundan camaat xəbərsizdir, elə bilirlər ki, zay materiallar kinostudiyada çəkilir. Düşünürəm ki, istəyimizə çatacağıq. Bundan sonra efirlərə yaxşı, peşəkar filmlər çıxacaq. Əvvəl necə idisə, bundan sonra da elə olacaq”.
Qeyd edək ki, mayın 15-də Xalq artisti Əbdül Mahmudbəyobun doğum günü idi. Bu məqsədlə mədəniyyət naziri Adil Kərimli onu qəbul etmişdi.
Azra