"Bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb".
Bu barədə HİT.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Kino Agentliyi (ARKA) fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulur: "ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür".
Qeyd edək ki, 2022-ci il aprelin 20-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Agentlik Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə yaradılıb.