Gənclər kitab oxumur ki?

MƏDƏNİYYƏT
15:55 / 08.06.2023
753

Adətən bəziləri insanların əvvəlki kimi kitab oxumadığından gileylənir.

Xüsusilə orta və yaşlı nəslin nümayəndələri gəncləri kitab oxumamaqda ittiham edir. Onlar, gənclər arasındakı problemlərin böyük əksəriyyətinin mütaliə etməməkdən qaynaqlandığını düşünür. Lakin qısa bir müşahidə apardıqda bunun belə olmadığını görmək mümkün olur. Əslində, gənclər kitablara böyük maraq göstərirlər. Bunun üçün kitab mağazalarına baş çəkmək kifayətdir. Belə ki, hər getdiyiniz mağazada çox sayda alıcıya rast gələcəksiniz. Hətta alıcılar o qədər çox olur ki, satıcılar sizə köməklik göstərməyə vaxt tapa bilmirlər. Həmçinin, kitabı almaq üçün kassada növbənizi gözləməyiniz də tələb olunur. Çünki alıcılar çox olur və hərəsi bir neçə kitab satın alır. İstənilən kitab mağazasına yaxınlaşaraq özünüz də bunun yerincədə şahidi ola bilərsiniz. Xüsusilə, gənclərin kitab oxumağa belə böyük həvəs göstərməsi insanı sevindirir və qürurlandır.

Həmçinin, kitab mağazalarının sosial şəbəkə səhifələrinə də göz gəzdirdikdə alıcı fəallığını görmək mümkündür. Hətta bəzən bir çox kitabın qısa zaman ərzində satılması ilə qarşılaşa bilirik. Üstəlik, qiymətlərin çox baha olmasına baxmayaraq, gün ərzində yüzlərlə kitabın satılması möhtəşəm bir göstəricidir. 

Son günlərdə ölkəmizdə keçirilən kitab sərgilərinə də olduqca böyük maraq göstərilməsi bunun əyani sübutudur. Sərgilərdə iştirak edən gənclər yazıçılarla görüşür və çox sayda kitab alırlar. Sözügedən sərgilərə üz tutduqda gənclərin kitab sevgisi açıq şəkildə nəzərə çarpır.

Ən çox satılan kitablar isə dedektiv, motivasiya və psixoloji kitablardır. Onu da qeyd etmək lazımdır ki, türkçə kitabların da ən yüksək sayda satıldığı dövrü yaşayırıq. Son zamanlar qardaş ölkədən sifariş olunan kitab sayındakı artım da göz qabağındadır. Əlbəttə ki, bütün bunlar çox gözəldir. 

Amma bütün bunlara baxmayaraq, gənclərə "kitab oxumur" damğası vurmaq heç doğru yanaşma deyil. Bu, sadəcə önyarğının təzahürüdür. Çünki yeni nəslin kitaba olan marağı son dövrlərin ən pik səviyyəsindədir. Onların, mütaliə etməyə böyük həvəs göstərirlər. Lakin bəzilərimiz bunu görmür və "gənclər kitab oxumur" kimi şablan sözlərdən istifadə edir. Reallıq isə tam əksini deyir. Bunu nümunələrlə də sadaladıq. Gördüyünüz kimi, gənclərin böyük əksəriyyəti kitab oxuyur. Unutmayın ki, heç bir sahibkar zərər etmək istəməz. Əgər belə olsaydı, Azərbaycandakı kitab mağazalarının sayı durmadan artmazdı. Yaxşı olardı ki, artıq gənclərimizi kitab oxumamaqda ittiham etməyək...

Pərviz

0