"Muğamı meyxana kimi oxuyanları həbs etmək lazımdır" - Xanəndə Baləliyə etiraz etdi

MƏDƏNİYYƏT
22:19 / 01.11.2023
667
"Muğamı bərbad günə salan, ona xələl gətirirən insanları həbs eləmək lazımdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında xanəndə Sabir Abdullayev meyxanaçı Baləli və Ruslanın muğam oxumasından danışarkən deyib. 
 
Sənətkarın fikrincə, onlar küllü miqdarda cərimə olunmalıdırlar ki, bu işlə məşğul olmasınlar:
 
 
"Artıq mən bu işlərə qarışmıram. Çünki muğam keşiyində duran, bərkgedən oxuyanlar var, onlar bu suala daha dəqiq cavab verə bilər. Bu bilavasitə onların işidir. Meyxanaçı olan Baləli və Ruslan muğam ifa edirsə, onlarda günah yoxdur. Baləli demədi ki, çıxım muğam oxuyum, bunu aparıcı təklif etdi. Qəribə vəziyyət yaranıb. Muğam oxuyana mahnı oxutdururlar, caz oxuyanada meyxana dedizdirirlər. Başa düşmək olmur ki, kim hansı sənətə xidmət edir. Mənim başıma güllə dirəsələr də, meyxana demərəm. Bu işlərlə əlaqədar təşkilatlar, televiziya məşğul olmalıdır. Kanal rəhbərləri belə şeylərə qadağa qoymalıdır. Mən bütün ömrümü çalışdım kanaların birinə çıxam, amma mümkün olmadı. Kimə deyirəm, deyir gözlə. Vəziyyət belədir, heç nə düzələn deyil. Muğamı bilən də oxuyur, bilməyən də oxuyur”. 
 
Xanəndə Qəzənfər Abbasov isə bu məsələdə aparıcını ittiham edib:
 
 
"Muğamın Qarabağda doğulduğu, inkişaf etdiyini, Qarabağ xanəndələrin də bu saf yola əbədi sadiq olduğuna şübhəm yoxdu. Heç vaxt bu müqəddəs sənətə xəyanət etmədilər, ələ salmadılar. Günah Baləlidə deyil, aparıcıdadır ki, onu məcbur edir ki, muğam oxusun. Oxuyur, söyüş söymür, muğam oxuyur. Bacardığı qədər səsinin işlədiyi yerə qədər oxuyur”. 
 
Qeyd edək ki, meyxana ifaçısı Baləli və Ruslan Xəzər TV-də Mətanət Əliverdiyevanın "Xəzər axşamı” verilişində qonaq olub. Meyxana ifaçıları verilişdə muğam ifa ediblər. Onların bu ifası muğam ifaçılarının narazılığına səbəb olub. 
 
0