Son günlər Zeynəb Xanlarovanın AzTV-nin Yeni il konsertindəki çıxışı sosial şəbəkələrdə tənqid edilərək, müzakirə obyektinə çevrilib. Həmin cahillərə demək istəyirəm ki, Zeynəb xanımın illər öncə verdiyi müsahibəyə diqqətlə qulaq asın. Sizin intellektual səviyyəniz dünya şöhrətli sənətkarın sənətini müzakirə edə biləcək miqyasda deyil.
Bu sözləri Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova instaqramda yazıb. Aktrisa bibisinin videosunu paylaşıb və bildirib ki, Zeynəb Xanlarovaya dil uzatmaq, Azərbaycan mədəniyyətinə, incəsənətinə dil uzatmaq deməkdir.
"Siz internetsiz dövrdə öz səsi ilə Azərbaycanı bütün dünyada təmsil edən və tanıdan fateh sənətkarı tənqid edirsiniz? Gözlərinizi açın, başqa ölkələr öz sənətkarlarına necə hörmət qoyur görün. Qardaş ölkə Türkiyədə Zeki Mürenə “paşa”, Bülent Ersoya “diva”, İbrahim Tatlısəsə “imperator” deyirlər. Gedin arxivi araşdırın və öyrənin ki, SSRİ prezidenti Mixail Qorbaçov Zeynəb Xanlarovaya “Sosialist Əməyi Qəhrəmanı adı” verməkdən niyə imtina edib. Çünki 1990-cı il 20 Yanvar hadisəsi törədiləndən sonra Zeynəb Xanlarova SSRİ hökumətinə meydan tribunasından etiraz edərək, ölkə rəhbəri Mixail Qorbaçova “ölüm!” deyib və SSRİ prezidenti Mixail Qorbaçovun ünvanına sərt bir məktub yazıb. Birini də “Komsomolskaya Pravda” qəzetinə göndərib. Bu, o vaxt idi ki, Zeynəb xanıma “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı verilməsi haqqında fərman Qorbaçovun masasının üstündə idi. Bircə imza atmağı qalmışdı. Zeynəb xanımın yazısını oxuyandan sonra həmin fərmanı kənara tullayıb.
Zeyneb Xanlarova Milli Məclisdə heç vaxt xalqının əleyhinə söz deməyib. Düşmənləri onun əlçatmaz olmağından istifadə edərək, haqqında bir çox yalanlar və böhtanlar yayıb. Çünki bilirdilər Zeynəb xanım tez-tez müsahibələr vermir, televiziya kanallarına çıxmır. Zeynəb Xanlarova mədəniyyətimizin nəhəng daşıdır və yel qayadan heç nə apara bilməz", - aktrisa yekunda vurğulayıb.