Cavanşir Quliyevlə Aygün Bəylərin təsadüfi tanışlığı

MƏDƏNİYYƏT
21:14 / 11.02.2024
518

"Heç vaxt təsəvvür etməzdim ki, Aygünün dəfnində çıxış edəcəyəm, hər şey axarı ilə getsəydi, tərsinə olmalı idi. Amma həyatdır...".

Bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev mərhum Əməkdar artist Aygün Bəylərə həsr olunan "Ötən günlər" verilişində deyib. Bəstəkar onunla təsadüfən tanış olduqlarını bildirib:

"Aygünlə rastlaşmağımız təsadüf idi. Bakıda yağışlı bir gündə gördüm ki, iki rəfiqə ağacın altında islanıblar. Gələn-gedən maşınlara əl edirdilər ki, harasa getsinlər. Mənim də yolum onların əl etdiyi tərəfə idi, maşına mindirdim. Bu qız o qədər diribaş idi ki, gözü də görürdü, qulağı da eşidirdi, elə bil dərisi ilə hiss edirdi. Maşında arxada əyləşmişdilər. Məni həmin an tanıdı. Başladı ki, mən oxumaq istəyirəm, evdən qoymurlar, "get nağaranı çal" deyirlər. Dedim ki, maşında heç nə deyə bilmərəm, oxumaq istəyirsənsə, dinləmək lazımdır. Studiyaya gəldi, mən də həmişə müğənniləri "Qaragilə" mahnısı ilə yoxlayıram. Sözlərini yazdım, verdim və bu qız bir "Qaragilə" oxudu ki, tüklərim biz-biz oldu. Mahnı özü gözəldir, onu qəşəng oxuyanda isə adam sakit qulaq asa bilmir. Sual verdim ki, kim deyir oxuya bilməzsən? Bir az cilalamaq lazım idi, gələrsən üzərində işləyərik dedim.

Həmin ərəfədə 1993-cü illər idi, müharibə gedirdi. AzTV kanalı vətənpərvərlik mövzusunda mahnı müsabiqəsi elan etmişdi. Oraya gedib, mükafat aldıq. Aygün kənddəki musiqiçilərdən restoranda işləmək üçün təklif almışdı. Dedim ki, get işlə, həm pul qazanarsan, həm də təcrübən olar. Aygünün oradan müğənnilik həyatı başladı. Mən ölkədən getdim, amma uğurlarını izləyirdim. Planlarımız var idi, amma olmadı.

Aygün çox istedadlı idi. Zarafatla ona deyirdim ki, istedadın bədəninə sığmır. Akif İslamzadə də onun haqda "Özü boyda ürəkdir" sözlərini demişdi. Enerjisi çox idi. Bəlkə də həmin enerji onu yandırdı".

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə səfərdə olan Cavanşir Quliyevin səhhətində problem yaranıb. Onun beyninə qan sızdığı bildirilir.//Axşam.az 

0