Azərbaycanda uşaq ədəbiyyatının problemləri - Niyə bu gündəyik?

MƏDƏNİYYƏT
16:33 / 16.02.2024
528

İllər öncə, özümüz uşaq olanda Zahid Xəlilin “Çıraq nənənin nağılları” adlı uşaq kitabı məktəbimizdəki bütün uşaqların əlində gəzirdi. 

Hər kəs Qədirin nağıllarına gülür,yazıçının gələcəklə bağlı fantaziyalarını heyrətlə oxuyurduq. 

Maraqlıdır ki, o fantaziyalar hamısı çin oldu. Kartla pul çıxarmalar, brilliant dişlər, smartfonlar və daha nələr, nələr.

Bu gün uaq ədəbiyyatına nəzər salanda bəsit nümunələrlə qarşılaşıb təəssüflənirik. 

Daha “Göyərçin” kimi maraqlı jurnallar dərc edilmir, uşaq qəzetləri yoxdur.

Niyə?

Hit.az-ın sualını  uşaq ədəbiyyatında əvəzsiz nümunələr yaratmış yazıçı Zahid Xəlil cavablandırır.

“Əvvəllər uşaq ədəbiyyatı kitab, qəzet-jurnal, televiziya və radio vasitəsi ilə təbliğ olunurdu. Uşaq verilişlərinə diqqət həddindən artıq çox idi. Yazıçıları cəlb edirdilər, onlar uşaqlarla sıx-sıx görüşmək imkanı əldə edir, uşaq dünyası ilə yaxından tanış olurdular. Bu ənənə pozuldu.

Məsələn Azərbaycanın uşaq ədəbiyyatı yazan  yazıçıları Beynəlxalq Anderson mükafatına layiq görülməyib. Ədəbiyyatın ən kölgədə qalan sahəsi uşaq ədəbiyyatı bölməsidir. Ədəbiyyat dərsliklərində yer alan  əsərlər uşağın bədii təfəkkürünün, estetik dünya görüşünün formalaşmasına xidmət etməlidir.

Xarici ölkələrin əksəriyyətində uşaq kitablarının çapında vergi çox az hesablanır. Bu ədəbiyyatın nəşri üçün xüsusi fondlardan pul ayrılır. Bizdə isə hər kəs öz bacardığı kimi kitabını çap etdirir. Kimin pulu var yazır, istedadlı qalır qıraqda Uşaq ədəbiyyatı asan deyil, onu bəsit nümunələrlə doldurub, gələcəyimizi kor etmək olmaz.  Uşaq ədəbiyyatda hadisə yaratmaq cəhdi yoxdur. Qazanc xatirinə yazırlar. Uşaq aləmini hər yazıçı eyni səviyyədə bilə bilməz. Bunun üçün uşaq dünyasını sevmək və bilmək lazımdır”, deyə ədib bildirib .

Yazıçı Qəşəm Nəcəfzadə isə qeyd edib ki, bu gün məktəblərdə dərsliklərdə yazıçıların əsərlərindən istifadə olunmaması bərbad vəziyyət yaradıb:

"Naşirlər öz bəsit cümlələri ilə kitabları doldurub, qrammatik nümunələr yaradırlar. Bu biabırçılıqdır"

Murad

0