Uzun illərdir Türkiyədə yaşayan şair, progessor Məmməd İsmayıl xəstəlikdən əziyyət çəkir.
Sosial şəbəkə hesabında tez-tez paylaşımlar edən şair bu günlərdə xəstəxanaya yatırılıb.
Hit.az-a açıqlama verən Məmməd İsmayıl bildirib ki, yaşlanıb və səhhətində yaşanan bu halları normal qəbul edir.
“Dünyaya gələn bir gün getməlidir. Ölümdən qorxmuram. Tükənən ömrün ləpədöyənində oturub, ölümün nazını çəkirəm, onun gəlişini gözləyirəm, gəlmir ki, gəlmir. Xəstəlikdən gileylənmirəm, sadəcə xəstəlik, xarici aləmlə insanın arasına çəkilən elə bir səddir ki, kimsəni yaxına düşməyə imkan vermir. Bu günlərdə xəstəxanaya getdim, dostlar, eşidənlər bilənlər aram vermədən aradılar, sağ olsunlar. Amma bəzən sükuta da ehtiyac olur. Bəzi şeyləri anlamaq üçün yaşlanmağa və o halı yaşamağa ehtiyac var” -deyə o qeyd edib.
Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlib.
1988-1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışıb.
1989-1993-cü illərdə Xalq hərəkatında iştirak edib və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərib.
1992-1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışıb.
Mərkəzi ofisi Rumınyanın Graiova şəhərində yerləşən Mihail Emunescu Akademiyası 2018-ci ildə onun əsərlərini Nobel mükafatına təqdim edib.
Uzun illərdir Türkiyədə yaşayır, Canaqqala On Səkkiz Mart Universitetində dərs deyir.
Murad