Martın 10-da ölkəmizdə milli teatr günü səssiz-səmirsiz qeyd edilib.
Teatr xadimləri belə düşünməsə də, hər halda teatrsevərlər belə fikirdədir.
Bəs Teatr Xadimləri İttifaqı həmin günü necə qeyd etdi?
Hit.az-ın bu sualını cavablandıran ittifaq sədri, xalq artisti Hacı İsmayılov bildirib ki, teatr günü münasibəti ilə müəyyən tədbirlər planı hazırlanıb.
"Aktyor evi"ndə Milli Teatr Günü münasibətilə tədbir keçirildi. İttifaqın təsis etdiyi “Sənətkar” adlı nüfuzlu medal hər il teatr üçün əmək verən, peşəkarlara təqdim olunur. Bizim studiyalarımızda hazırlanan tamaşalar da il boyu təqdim edilir. Teatr günü bizim üçün bir gündən ibarət deyil, işimiz teatrdır, ömrümüz teatrdır və hər tamaşa olan gün bizim üçün teatr bayramıdır. Martın 10-da keçirilən tədbirimizdə görkəmli teatr və kino xadimi, Xalq artisti, "Şöhrət" ordenli Şükufə Yusifovaya teatrın inkişafında göstərdiyi xidmətə görə Azərbaycan Teatr Xadimləri İttifaqının ən böyük mükafatı olan "Sənətkar" medalı ilə təqdim olundu. Böyük sənətkarlara verilən dəyər həm də gəncliyə verilən inam, stimuldur. Onu da qeyd edim ki, bu gün Azərbaycanda kifayət qədər istedadlı gənc aktyor yetişir ki, bu da sabahlarımıza böyük ümid verir. Demək biz yaşlı nəslin yeri boş qalmayacaq”,- deyə o bildirib.
Murad