Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri danışdı

MƏDƏNİYYƏT
15:35 / 09.05.2024
534

Bu gün Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi və İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncamlar imzalayıb. 

Oxu.Az-ın əməkdaşı mükafata layiq görülən bir neçə mədəniyyət və incəsənət xadimi ilə danışdırıb.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülən heykəltəraş Ömər Eldarov bunun gözlənilməz olduğunu deyib:

“Xəbərimiz yox idi. İndi siz dediniz. Çox şad oldum, minnətdaram. Gözlənilməz oldu. Çox təşəkkür edirəm. Dəyər verildiyimi hiss etdim”.

Ö.Eldarov hələ ki, sifarişlərinin olmadığını qeyd edib:

“Hazırda sifarişlərim yoxdur. Amma işləyirəm. Havalar isti olan kimi işləyəcəyəm.

Sabah Şuşaya, “Xarıbülbül” festivalının açılışına gedirəm. Hər zaman dövlətim yanımdadır. Prezident İlham Əliyev heç vaxt qayğısını əsirgəmir. Mən indi ən çox gənclərə dəstək olmağa çalışıram. İstəyərdim ki, gənc heykəltaraşlar tanınsın”.

Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülən aktrisa Naibə Allahverdiyeva isə bu mükafatı gözlədiyini qeyd edib:

“Açığı gözləyirdim. Sağ olsun cənab prezident. Dualarımız hər zaman onunladır. Bu mükafat ulu öndərin vaxtından təsis olunub. Çox sevinirəm. Minnətdarlığımı bildirirəm”.

N.Allahverdiyeva ruh yüksəkliyi yaşatdığını əlavə edib:

“O vaxtı “Xalq artisti” adını alanda da mənim bütün həyatım dəyişdi. Aktyorlar çox həssas insanlardır. Bir dəyər onun üçün dünya deməkdir. O, məni yerdən götürüb qaldırdı. Əlbəttə bu mükafatın da işlərimə təsiri olacaq”.

Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülən Rəhman Rəhmanov da sevincli olduğunu qeyd edib:

“Çox gözəl hisslərdir. Əlbəttə ən xoş hisslər keçirtdim. Bir neçə gün sonra Azərbaycan Dövlət Kukla Teatrında işləməyimin 50 ili tamam olur. Bu mükafat məni bu yaşımda çox ruhlandırdı”.

0