“Xəbəri eşidəndə şok oldum, gözlərim doldu”

MƏDƏNİYYƏT
18:01 / 06.06.2024
8039

Hit.az müsahibi  Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının əməkdaşı, sevilən aktyor Rəşad Səfərovdur.

Rəşad Səfərov bu günlərdə Prezident Mükafatına layiq görülüb. İşlədiyi illər ərzində ilk dəfə əməyinə yüksək qiymət verilən aktyor sevincini bizimlə  bölüşüb.

- Rəşad bəy, mükafat almaq xəbərini necə qarşıladınız? Öncədən gözlənilirdi?

- Mənim üçün həm çox gözlənilməz, həm də çox sevindirici oldu.
Həmkarım Elnur Kərimov zəng vurub dedi ki, səni təbrik edirəm. Mən təşəkkür eləsəm də, nə olduğunu anlamadım. Dedi, sən Prezident Mükafatına layiq görülmüsən. Bir anlıq tutulub qaldım. Şok xəbər oldu bu mənim üçün. Nə qədər sevindiyimi deyə bilmərəm, gözlərim doldu. Özümü dünyanın xoşbəxti hiss etdim. Bu mükafata layiq görüldüyüm üçün öncə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Hər sahəyə göstərdiyi yüksək diqqəti mədəniyyət, teatr sahəsindən də əskik etmir. Bu diqqət biz aktyorlara böyük stimul verir, daha böyük yaradıcılıq uğurlarına şövq edir.
Daha sonra teatrımızın rəhbəri Naidə xanım İsmayılzadəyə təşəkkür etmək istəyirəm. Mükafat alıqdan sonra o bizi qəbul elədi, təbrik etdi. Qeyd etməliyəm ki, Naidə xanımın gəlişi ilə teatrımızda yaxşı mənada  böyük dönüş yaranıb. Onun kollektivimizlə ilk söhbətini xatırlayıram, demişdi ki, hədəfim teatrımızın milli statusunu almasıdır. Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrı Milli status aldı və mən bu münasibətlə Naidə xanımı təbrik edirəm. Dedi və elədi. Teatr kollektivinin nə qədər böyük sevinc içində olduğunu o an görmək lazım idi. Naidə xanım bizim hamımız üçün çox əzizidir. O  aktyorların kiminə anadır, kiminə bacı.  Diqqətini, qayğısını aktyorların üzərindən əskik etmir. Bu teatrda onunla birlikdə işləmək şanslı olmaq deməkdir. Mən belə düşünürəm.

- Sizin teatrda sezdiyim bir məqam var. Bu sizin kollektivi fərqləndirən cəhətdir. Aktyorlar mütləq gənc həmkarlarını önə çəkməyə çalışırlar və tamaşalarda həddən artıq böyük məsuliyyət göstərirlər. Hər kəs baş rol oyunçusu qədər ürəklə , həvəslə ifa edir.

- Çox doğru müşahidə eləmisiniz. Bizim teatr əslində ailə kimidir və aktyorlarımız həqiqətən rolları üzərində can qoyurlar. Gənclər önə çəkilir, böyük-kiçik yeri bilinir. Bütün münasibətlər qarşılıqlı hörmət əsasında. Ona görə, bu teatra gələn heç kəs başqa yerə getməyi arzulamır. Bu mənada teatrın mətbuat katibi Samirə Əşrəfin də adını qeyd etmək istərdim. Məncə o bizim teatr üçün tapıntıdır. Hər bir aktyora diqqətlə yanaşır, tez-tez müsahibələr alır, yazılar yazır. Çox gözəl, istedadlı  jurnalistdir, onun qələmindən özün barədə oxumaq  gözəl duyğudur. Gözəl insandır.

- Rəşad, uzun illərdir səhnədəsiniz. Müxtəlif rollarla tamaşaçılar tərəfindən sevilmisiniz. Koloritli obrazlarınız var, çıxışınızla səhnəni doldurmağı bacarırsınız. Amma  heç bir fəxri ad almamısınız. Niyə? Və bu sizi incik salır?

- Bu sualı jurnalistlər mənə dəfələrlə veriblər. Sənətçi insan öz yaradıcılığı ilə məşğul olmalıdır Bizim sənətimiz göz qabağındadır və hesab edirəm ki gördüyümüz iş gözdən yayınmır.

-  Hər şey zamanla həll olunur, yetərincə diqqət qayğı var. Heç gözləmədiyim anda adımı mükafatçılar sırasında gördüm, ola bilər yenə yada düşərəm. Mənim işim öz işimi düzgün görməkdir, buna cəhd edirəm. Bu gün tamaşaçıların mənə olan rəğbəti, sevgisi onu deməyimə əsas verir ki, bu illəri boşuna yaşamamışam.
   
  Murad

0