İki saatda yaşanan min bir gecə

MƏDƏNİYYƏT
17:04 / 12.12.2024
351

Dünən axşam Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Vüqar Camalzadənin “Dövrü Səda” adlı konsert proqramını izlədim. 

Konsertdə Əməkdar artist Vüqar Camalzadənin ədvar sistemi üzrə bəstələdiyi 8 musiqinin Mili Konservatoriyanın “İz” Ansamblının ifasında təqdim edildi

Öncə onu deyək ki,   Ədvar Şərq musiqisində Azərbaycan, eləcə də bütün Şərq musiqisinin əsasını təşkil edən səs kompleksləri sistemini qaydaya salınır.

Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova, xanəndələr Rövşən Məmmədov, Hüseyn Məlikov, Aysel İbrahimova və digərləri Molla Pənah Vaqif, Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mir Həmzə Nigari, Mir Möhsüm Nəvvab, Nizami Gəncəvi, Şah İsmayıl Xətainin qəzəllərinə bəstələnmiş əsərləri  ifa etdilər. 

Vüqar Camalzadə Azərbaycanın öz üslubu, öz dəst-xətti ilə seçilən tanınmış bəstəkarlarından biridir. 

Onun bəstələri həm ölkəmizdə, həm də ölkəmizdən kənarda həmişə böyük rəğbətlə qarşılanır.

Konsert başlayır və mən 2024-cü ildən orta əsrlərin sehrli aləminə düşürəm.

Sanki “Min bir gecə nağılları”nın personajlarından biriyəm. Nazlı sənəmə aşiq olmuş dəli aşiqlərin sızıltısını, üsyanını eşidirəm, Şah Şəhriyarın taxtda oturuşunu, onun qarşısında çalan cəngin, neyin, qanun, ud, qopuz, tənbur, rübab, çəqanənin səsini eşidir, şam işığında bu mənzərəni seyr edirəm.

Vüqar Camalzadənin musiqisi ruhumu titrədi, gen yaddaşıma səfər etdim. İlmə-ilmə yenidən sökülüb yığıldım sanki.

Latınca "kantus firmus" deyilən bir şey var. İnsanda bir ilhamlanma, işıqlanma olanda həmin "kantus firmus" deyilən şey ortaya çıxır. 

Məncə Vüqar Camalzadə Dövrü Sədanı yaradarkən hər notda kantus firmus yaşayıb, ona görə eyni duyğuları dinləyiciyə də ötürə bilir. 
Onun duyğularını hiss edirsən. 

Bu adam səni hər notu ilə musiqinin sirli, sehirli aləminə səfərə aparır. 
“Dövrü səda” ilə isə minillikləri gəzdirir, milyon-milyon insanların sevgisini, yaşantılarını film kimi gözlərinin önünə sərir.

Dövrü Səda həm musiqidir, həm rəsmdir, həm xalçadır, həm misgərlikdir, həm  tirmə şaldır, həm cəng səsidir, həm eşq naləsidir. 

Bir sözlə bu musiqidə minilliklərdən üzü bəri axıb gələn milyardlarla informasiya var. Və ən əsası da o sənə yad deyil, heç vaxt eşitmədiyin bu səsləri dinlədikcə hiss edirsən ki, tanışdır, sən onun içində olmusan nə zamansa. Bu musiqi səndən, sən isə o musiqidən doğulmusan.

Vüqar Camalzadə deyir ki, musiqi əyləncə deyil. İndiki dövrdə insanların musiqini əyləncədən də aşağı səviyyəyə salmaları pis bir haldır. Bu, musiqinin yanlış qəbul edilməsidir. 

Musiqi "iqa" elmidir. Bu elm ruh və bədən arasında ən böyük bağlayıcıdır. 

Pifaqor musiqi ilə bağlı təlimlər keçirdi və onunla insanlar sağalırdı. Bir çox xəstəliklərdən xilas olurdu. Dövrümüzdə də ultrasəs və musiqi dönmələri vasitəsilə bu tətbiq edilir. Amma bu, qısamüddətli bir xarakter daşıyır.
Çünki, ətrafda olan musiqilər insanlara çox pis təsir edir.

Vüqar Camalzadənin “Dövrü Səda”sı sakral musiqidir. Onu hamı qəbul edə, tam qavraya bilməz.
Qavrayanlar üçünsə “Dövrü-Səda” əsl xəzinədir. Tarixə qapı açan bilik xəzinəsi.

İlhamə Həkimoğlu

0